Elşən MƏMMƏDOV
Oyun haqqında nə yazmaq olar? Başqa komanda olsaydı, deyərdik ki, nəticə ortadadır və hər şeyi deyir, 1:6 üçün nə deyəsən?
Amma axı oynayan, bu hesabla uduzan öz komandamızdır, “Qarabağ”dır! Özü də digər klublarımız kimi, təsnifatlardan burnunun üstünə vurulub, kor qız kimi geri qaytarılmayıb.
Əksinə, əsas mərhələni də keçərək, pley-offadək irəliləyib, İngiltərənin sayılıb-seçilən klublarından birinə - “Nyukasl”a uduzub.
Bu, hələ doğma azarkeşlər önündə yaşanmış acı məğlubiyyətdir. Cavab görüşündə daha betərinin olmaması üçün ciddi təhlillər aparılmalıdır. İngiltərə uzaq ölkə olsa da, bu mövsüm nə az, nə çox - 3 komandası ilə qarşılaşmaq “Qarabağ” üçün “Dumanlı Albion”dan aydın görüntülər götürməyə əsas verir.
Həm “Liverpul”, həm də “Nyukasl”dan 6 top buraxması onu göstərir ki, “Qarabağ”ın İngiltərə təmsilçiləri ilə görüşlərə köklənmə sarıdan ciddi çətinlikləri var. Hələ “Liverpul”la qarşılaşmada qollar hissələrə bərabər bölünmüşdü, bu dəfə isə artıq 8-ci dəqiqədə hesab 0:2, hissənin sonunda isə 0:5 idi. 45 dəqiqəyə rəqibə 2 penalti “qazandırmaq” nə idi?
Biz “Qarabağ”ı oyuna fəal başlayan komanda kimi tanımışıq. Bunu bir çox oyunda basqılı oyun, sürətli əks-hücumla nümayiş etdiriblər. Amma bu dəfə əksi baş verdi. Rəqib imkan vermədi ki, meydan sahibləri irəli atılsın. İlk yarıdan sonra “Nyukasl” çərçivəsinə doğru bir zərbənin getməməsi də bunu təsdiqləyir. “Qarabağ”ı tanımaq olmurdu. Axı, nə qədər geriyə ötürmələr vermək olar?
Halbuki komandanın qapıçısı Mateuş Koxalski bu yaxınlarda Polşa mətbuatına müsahibəsində demişdi ki, Qurban Qurbanov geriyə ötürmələri qadağan edib. Belə anlaşılır ki, bu oyun üslubu nə baş məşqçinin, nə də Tofiq Bəhramov adına Respublika stadionu dolduran 30 minədək azarkeşin istədiyi idi.
Qurbanovun rəqib həmkarı “Qarabağ”ı ciddi təhlil etmişdi. Topla oynamağı sevən komandanı elə öz “silah”ı - xeyli basqılı oyunu, hücum xəttində bir anda çoxalmağı bacaran “ofansiv” yönümlü futbolçuları ilə vurdu.
Bir hissəyə oyunun taleyini həll edən “Nyukasl” fasilədən sonra artıq “Çelsi” ilə Premyer Liqa matçını düşünürdü. O “Çelsi”ni ki, həmin vaxtdakı baş məşqçisi Entso Mareska “Qarabağ”a qeyri-ciddi yanaşmışdı və bunun acısını Bakıda 2:2 hesablı heç-heçə ilə çəkdi.
Eddi Hounun “zadəganlar”la matçı düşündüyü anlarda “Qarabağ”ın gücü təsəlli qolu vurmağa çatdı. Amma o da uzaqdan vurulan baxımlı qolla cavabsız qalmadı.
Qurban Qurbanov İspaniya futbolunun, “Barselona”nın oyun üslubunun pərəstişkarıdır, Almaniya futbolunu da öyrənib, klublarında təcrübədə olub. Amma belə görünür ki, İngiltərədə təcrübə keçməyə də ciddi ehtiyac var. Bu cür komandalara açıq futbol təklif etməyin bədəli ağır olur. Bu dəfə bəlkə də daha ehtiyatlı başlanğıc, praqmatik oynamaq gərəkli idi.
Bəzi futbolçular da məsuliyyətlərini artırmalıdırlar. Yox, bu, “ulduz xəstəliyi” deyil. Hiss olunur ki, onların beyinləri çox qarışıqdır, Avropadan başqa az qala bütün qitələrdən aldıqları daha sərfəli təkliflər üzərində ciddi-ciddi düşünməyə başlayıblar. Ən çox tənqid olunası futbolçu isə Leandro Andradedir. Adam nəinki Çempionlar Liqasında, heç Premyer Liqada da istəniləni vermir. Getmək istəyirsə, bəhanəsiz getsin!
“Qarabağ” rəhbərliyi isə ya heyətə əl gəzdirməli, ya da futbolçuların istəklərini təmin etməlidir. Futbolçular hara gəldi getmək istəyirlərsə, deməli, onların aldıqları əmək haqqı Çempionlar Liqası klubu səviyyəsində deyil.
Qurban Qurbanovun “dəmir yumruğ”u ilə nə vaxtadək oynamaq olar?







































































