Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah" və "Qarabağ" arasındakı cavab görüşü bir neçə qalmaqalla yadda qalıb.
Sportnet.az xəbər verir ki, ilk epizod matçın 37-ci dəqiqəsində Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalskinin qırmızı vərəqə aldığı ana təsadüf edib.
Baş hakim Rəvan Həmzəzadənin qərarından sonra "köhlən atlar"ın azarkeşləri ona etiraz əlaməti olaraq meydançaya pirotexniki vasitələr atıblar. Bu proses matç boyunca bir neçə dəfə daha baş verib.
Sona doğru isə Masazır təmsilçisinin ofsayd səbəbilə qeydə alınmayan qolundan sonra komandanın azarkeşləri məşəli yanlışlıqla polisin üzərinə atıb və bununla da tribunada gərginlik daha da artıb.
Görüşün son saniyələrində "Qarabağ" hücum həyata keçirən zaman Kamilo Duranın zərbəsindən sonra top Velko Simiçin əlinə dəysə də, baş hakim penalti təyin etməyib. Bununla yanaşı, VAR yoxlaması etmədən matçı başa vurub.
Lakin final fitindən sonra gərginlik daha da artmağa davam edib. "Köhlən atlar"ın bir neçə futbolçusu, xüsusən də Coni Montiel referiyə etirazını sərt şəkildə bildirib.
Məsələyə texniki zonanın da üzvlərinin qoşulması ilə bu mübahisənin qarşısını almaq üçün mühafizə və polis əməkdaşları hadisə yerinə cəlb olunub. Lakin münaqişə sakitləşmək əvəzinə, mühafizəçinin "Qarabağ" futboçularının ünvanına təhqiredici ifadələr işlətməsi ilə daha da qızışıb.
Miks-zonada Ağdam təmsilçisinin texniki heyət üzvləri ilə mühafizə heyəti arasında mübahisələr olub.
Meydançadakı qalmaqallar boyunca stadionda klubun qələbə mahnısı səsləndirilib.
Qeyd edək ki, görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1. Masazır klubu ilk matçda heç-heçə etdiyi üçün iki oyunun yekununda finala yüksəlib.
Mikayıl HACIYEV















































































