Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku başa çatıb.
Sportnet.az xəbər verir ki, Milli Gimnastika Arenasında artıq üçüncü dəfə keçirilmiş nüfuzlu yarış yenə də unudulmaz çıxışlar, həyəcan dolu anlar və rəngarəng proqramlarla yadda qalıb.
32 ölkədən olan zərif gimnastlar tamaşaçılara əsl sənət nümunəsi təqdim ediblər. Musiqili kompozisiyalar, xüsusi hazırlanmış rəqs elementləri və sürpriz fləşmoblar hər yaşdan izləyicinin zövqünü oxşayıb.
Azərbaycan bu mötəbər turnirdə həm fərdi, həm də qrup hərəkətləri komandası ilə təmsil olunub. Qrup hərəkətləri üzrə yığma yeni heyətlə ilk dəfə bu yarışda çıxış edib. Bu, yeni komanda üçün ilk və böyük təcrübə olub.
Gənclər kateqoriyasında komandalar arasında təşkil olunan çarpaz qarşılaşmalar yarışın əsas yeniliklərindən biri olub. Gənclər yaş kateqoriyasında komandalar hesabında çarpaz qarşılaşmada Azərbaycan və AIN (fərdi neytral atlet) 2 komandaları yarışıb. AIN-in 2 komandası növbəti mərhələyə keçid alıb. Nəticədə, AIN-2 birinci, Bolqarıstan ikinci, İsrail isə üçüncü yeri tutub.
Yarışın ikinci günündə böyüklər yaş kateqoriyasında gimnastlar top və halqa ilə, üçüncü gün isə gürz və lent proqramlarında çıxış ediblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən ən güclü 16 gimnast “çarpaz qarşılaşmalar” mərhələsinə vəsiqə qazanıb və 1/8 finaldan başlayaraq finala qədər mübarizə aparıb.
Final mərhələsinin yekununda İsrail təmsilçisi Munits Daniela qalib olub. Ukraynalı Taisiya Onofruiyçuk ikinci, italiyalı Raffaeli Sofia isə üçüncü pillədə qərarlaşıb. Qaliblərə medalları AGF-nin vitse-prezidenti Altay Həsənov təqdim edib.
Qrup hərəkətləri üzrə yarışda isə Bolqarıstan komandası qızıl medala layiq görülüb. İsrail ikinci, AIN 2 komandası isə üçüncü yeri tutub. Mükafatlandırma mərasimində medalları Avropa Gimnastikasının prezidenti, gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Yarışın sonunda təşkilatçılar tərəfindən iki xüsusi nominasiya da təqdim olunub. Ardıcıl olaraq Avropa Kuboku yarışlarında iştirak etdiyinə və sabit nəticələr göstərdiyinə görə Raffaeli Sofiya “Cross Battle Queen”, Avropa Kubokuna digər qitədən qoşularaq qrup hərəkətləri proqramında çıxış etdiklərinə görə Venesuela komandası “Breakthrough Team” nominasiyasına layiq görülüb.
Beləliklə, 4 gün davam edən bu zərif və möhtəşəm mübarizəyə yekun vurulub. Milli Gimnastika Arenası yarış boyunca tamaşaçıların enerjisi və coşqusuna şahidlik edib. Tamaşaçılarla keçirilən maraqlı müsabiqələr və əyləncəli anlar isə tədbiri daha da yaddaqalan edib. Qaliblərə AGF-nin sponsoru Smarton tərəfindən dəyərli hədiyyələr təqdim olunub.














































































