Şahmat üzrə "Baku Open" - 2026 festivalının A qrupu üzrə qızıl mükafatçısı, İranı təmsil edən Mohaved Sinanın turnirdən sonra Sportnet.az-a müsahibəsi:
- Yarışla bağlı fikirlərinizi bölüşərdiniz.
- Təşkilatçılara təşəkkür etmək istəyirəm. Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu, burada çalışan hər kəs əla iş gördü. Şərait çox yaxşı idi, tədbirin keyfiyyəti də yüksək səviyyədə idi. Yarışda çox güclü şahmatçılar iştirak edirdi. Mən də çıxışımdan razıyam, çünki birinci yeri tutmağı bacardım.
- Bu turnirdə ikinci dəfə qalib olmaq necə hissdir?
- Çox gözəl hissdir. Açığı, ikinci dəfə qalib olacağımı düşünmürdüm. Sadəcə yaxşı şahmat oynamaq istəyirdim və bu dəfə də qalib gəldim.
- Azərbaycan şahmatı haqqında nə deyə bilərsiniz?
- Azərbaycan şahmatı çox yüksək səviyyədədir. Düşünürəm ki, Azərbaycanın çox güclü olimpiada və milli komandası var. Bundan əlavə, burada çox istedadlı gənc şahmatçılar yetişir.
- Azərbaycana daha əvvəl də gəlmişdiniz?
- Bəli, 2024 və 2026-cı illərdə burada olmuşam.
- Çıxışınız barədə nə deyə bilərsiniz? Hansı turnir daha çətin idi – bu ilki, yoxsa 2024-cü ildəki?
- Düşünürəm ki, 2024-cü ildə keçirilən turnir bir qədər daha çətin idi. Çünki həmin vaxt yarışda Hindistanın bir çox güclü şahmatçıları iştirak edirdi. İndi isə həm mən son iki ildə daha da güclənmişəm, həm də turnir bir qədər rahat keçdi. Buna görə də əvvəlki yarış daha çətin idi.
Mikayıl HACIYEV


















































































