"Sizi qazandığınız medallar münasibətilə təbrik edirəm".
Bunu ekslüziv olaraq, Sportnet.az-a Avropa Cüdo Birliyinin (EJU) prezidenti Laslo Tot Tbilisidə keçirilən Avropa çempionatında Azərbaycan millisinin çıxışı barədə danışarkən deyib.
Daha sonra macarıstanlı funksioner şok açıqlama verib: "Həyat yoldaşım azərbaycanlıdır. Ona görə də bir tərəfimin azərbaycanlı olduğunu hesab edə bilərsiniz".
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Tot həqiqətən də əslən azərbaycanlı xanımla yaşayır və bunu cüdo ictimaiyyəti ilə söhbətlərində gizlətmir. Onun belə bir açıqlama verməsi də diplomatik gediş təsiri bağışlayır.
Çünki EJU prezidenti yarış ərzində azərbaycanlı cüdoçulara hakimlər vasitəsilə mütəşəkkil formada qərəzli münasibətin göstərildiyinə şəxsən şahidlik edib və bu barədə azərbaycanlı jurnalist tərəfindən ona sualın ünvanlanacağından məlumatlı olub.
Xatırladaq ki, yarış boyunca xüsusən yerli gürcü cüdoçularla qarşılaşmalarda Azərbaycan təmsilçilərinin əleyhinə verilən mübahisəli hakim qərarları ciddi narazılıq yaradıb. Balabəy Ağayevin yarımfinal, Hidayət Heydərovun final görüşlərində üzləşdikləri haqsızlıqların kulminasiya nöqtəsi isə Zelim Kotsoyevə qarşı yarımfinal görüşündə qeydə alınıb. Kotsoyevi qadağan olunmuş fənd bəhanəsi ilə məğlub elan etmək və onu gürcü İlia Sulamanidzeyə qarşı bürünc medal görüşünə də buraxmamaq təsadüfi hadisə deyil.
Referilərin eyni xətt üzrə hərəkət etməsi, qərarların sistemli şəkildə Azərbaycan idmançılarının ziyanına işləməsi tribunada da, media nümayəndələri arasında da haqlı suallar doğurub. Tbilisidə təşkil olunan yarışda ev sahibi amilinin tatamidə bu qədər açıq hiss olunması isə narahatlıq doğuran məqam kimi qiymətləndirilib.
Məhz bu səbəbdən, EJU rəhbəri məsələyə aydın münasibət bildirmək, ən azı araşdırma aparılacağını deyərək, hakimliyin obyektivliyini müdafiə etmək və ya nöqsan varsa etiraf etmək əvəzinə mövzudan yayınmağı seçib. Söhbət hakim özbaşınalığından, mümkün qərəzdən və yarışın ədalət prinsipinə kölgə salan məqamlardan gedərkən, federasiya rəhbəri cavab vermək yerinə şəxsi münasibətlər üzərindən simpatiya nümayiş etdirməyə çalışıb. Bu isə problemi həll etmək yox, Azərbaycanın könlünü almaq cəhdi təsiri bağışlayıb.
Çünki məsələ kiminsə ailə bağları və ya şəxsi rəğbəti deyil. Məsələ Azərbaycan cüdoçularına tatamidə bərabər münasibətin göstərilib-göstərilməməsidir. İdmanda əsas prinsip emosional jestlər yox, ədalətli idarəçilikdir. Yarışda hakim səhvləri və ya məqsədli qərarlar varsa, bunu “mənim bir tərəfim azərbaycanlıdır” deməklə ört-basdır etmək mümkün deyil.
Tbilisidəki Avropa çempionatı bir daha göstərdi ki, beynəlxalq federasiya rəhbərləri narazı suallar qarşısında diplomatik cümlələr qurmaqdan çox, real məsuliyyət göstərməlidirlər. Əks halda, bu cür cavablar həm idmançılara, həm də haqqını tələb edən ictimaiyyətə hörmətsizlik kimi qəbul olunur.
Elşən MƏMMƏDOV, Tbilisi

















































































