İspaniyanın "Atletico Madrid" komandasının baş məşqçisi Diego Simeone UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Arsenal"a qarşı İngiltərədə keçirdikləri cavab oyunundakı hakim qərarlarını şərh edib.
Sportnet.az-ın məlumatına görə, argentinalı mütəxəssis matçdan sonra verdiyi açıqlamada epizodlardan birində penalti verilməməsinə toxunub.
“Qrizmannın üzərində olan açıq penalti barədə danışmağın mənası yoxdur. İndi bunun haqqında danışmaq faydasızdır. Bəzən hakim qərarları bizim xeyrimizə olur, bəzən isə yox. Bu gün isə bizə bəxtimiz gətirmədi”, – deyə Simeone bildirib.
Qeyd edək ki, mübahisəli epizod matçın 56-cı dəqiqəsində baş verib. Qonaq komandanın müdafiəçisi Mark Pubill Antuan Qrizmannın zərbəsindən sonra topu qapıya yönləndirməyə çalışarkən rəqib müdafiəçi Qabriel Maqalyaeş ilə toqquşub. Daha sonra top yenidən Qrizmanna çatıb və bu zaman Rikkardo Kalafiori onun ayağına basıb. Lakin görüşün almaniyalı baş hakimi Daniel Zibert bu epizodda Pubiilin hücumda qayda pozuntusu etdiyini qeydə alıb. Nəticədə qarşılaşma “Arsenal”ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
"Topçular" ilk görüşdə 1:1 hesablı heç-heçə etdikləri üçün finala yüksəliblər.














































































