Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin iclasından sonra qurumun vitse-prezidenti Çingiz Hüseynzadə müsahibə verib.
Sportnet.az xəbər verir ki, Hüseynzadə jurnalistlərin suallarını da cavablandırıb:
- Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış medalların yenilənməsi hansı zərurətdən irəli gəldi?
- Bir müddətdir Paris olimpiadasından sonra medallar məsələsi gündəmdə idi və məsələ ən çox da sizi, mətbuat işçilərini maraqlandırırdı. Dəfələrlə mənə müraciət olunmuşdu. Nəhayət, medallar dəyişdirildi, gətirildi Bakıya və biz bu gün İcraiyyə Komitəsinin iclasında medalları öz sahiblərinə, sizin gözünüzün önündə təqdim etdik və bu problemi birdəfəlik sildik, qurtardı.
- İcraiyyə Komitəsinin iclasında dediniz ki, digər medalların sahibləri onlardan razıdır. Həmin medalların taleyi necə olacaq?
- Digər 5 idmançı medallarını təqdim etmədi, onlar öz medallarından razıdırlar. Biz bir daha onlarla əlaqə saxladıq və soruşduq. Hidayət Heydərovdan mən özüm soruşdum, onların medallarında problem yoxdur. Yəni, əsasən pis vəziyyətdə olan bu iki medal idi və dəyişdirildi.
- İcraiyyə Komitəsinin iclasında müzakirə olunmuş məsələlər barədə nə deyə bilərsiniz?
- İcraiyyə Komitəsində bir çox məsələlər müzakirə olundu. Bu məsələlərdən biri, deməli, bizim proqramlar üzrə şöbənin hesabatı idi. Hesabatı da dinlədik, yəni Azərbaycan Milli Olimpiya Komitəsi son illərdə bir çox layihələr həyata keçirib: yeni mütəxəssislərin hazırlanması, məşqçilər kurslarının təşkili, komanda idman növlərinin yaradılması və s. Bir çox belə məsələlər haqqında hesabat dinlənildi və təsdiq olundu. Bundan sonra da bu idarənin fəaliyyəti davam edəcək və bir çox layihələri həyata keçirəcək.
Məsələlərdən biri bizim Atletlər Komissiyası ilə əlaqədar idi. Bilirsiniz ki, bu gün dünyanın bütün idman qurumlarında atletlər təmsil olunur. Bu çox vacib məsələdir. Biz də qərara gəldik ki, daimi müşahidəçi rolunda Atletlər Komissiyasının sədri bundan sonra İcraiyyə Komitəsinin iclaslarında iştirak etsin və birbaşa atletlərlə əlaqələr yaransın. Yəni, atletlər İcraiyyə Komitəsinin qəbul etdiyi sənədlərlə, qərarlarla bilavasitə tanış olacaqlar.
- Gündəlikdə 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin keçirilmə məsələsi də var idi. Bu istiqamətdə hansı işlər görüləcək?
- İlk dəfə Azərbaycan 1996-cı ildə Olimpiya oyunlarında komanda şəklində iştirak edib. Artıq 30 il bu müddətdən keçib. Bizim bəzi idmançılarımız, bir çox görkəmli məşqçilər həyatını dəyişiblər. Biz qərar qəbul etdik ki, bu 30 illik yubileyi təntənəli şəkildə qeyd edək. Buna aid bir kitab hazırlayaq. Rəhmətə gedənləri, bizi tərk edənləri yad edək. İdmançıların bir çoxu artıq Azərbaycanda yox, xaricdə yaşayır. Bunların haqqında məlumatlar, yəni unudulmuş artıq unudulmuşcasına olanları bir də yad edək. Bu haqda bir film də çəkək, kitab da hazırlayaq. Həmən o dövrdə Atlantada iştirak edən bütün idmançıları, məşqçiləri, həkimləri, jurnalistləri bir araya gətirək. Bizim məşhur jurnalistimiz var, Aydın Əliyev, yəqin tanıyırsınız, ağsaqqal. O orda, Atlantada bütün çəkilişləri apardı. Onu da dəvət edək, belə bir tədbir keçirək. Qoy, bizim gənc nəsil də Azərbaycanın qatıldığı ilk Olimpiya Oyunlarındakı iştirakçılarımızı tanısınlar.
- Bəs bu kitab nə vaxta qədər hazır olar və oxumaq istəyənlər necə əldə edə bilərlər?
- Atlanta olimpiadası iyulun axırında, avqustun əvvəlində keçirilib. Biz həmin o yubiley tədbirini məhz Oyunların yubileyində, açılış günündə eləmək istəyirik, fikirləşirik. Yəqin ki, o vaxta kimi hazırlanacaq. Film də həmçinin. Süjetlərdən ibarət olacaq, bədii kino yox, sənədli film kimi çəkiləcək. Atlanta-1996-dan olan əlimizdəki görüntüləri, kiminsə əlində şəkilləri varsa, onları istifadə edəcəyik. Yəni, belə bir imkanlar daxilində bunu həyata keçirəcəyik.
- Ekspertlər Şurası yaradılacağı deyildi. Tərkibi kimlərdən ibarət olacaq?
- Tərkibini hələ müəyyənləşdirməmişik. Biz qərar qəbul etdik ki, belə bir şura yaradaq. Çünki bilirsiniz ki, bu şuranı ilk növbədə, biz idman oyunları ilə əlaqədar yaradırıq. Çünki başqa idman növləri Olimpiya Oyunlarında təmsil olunur və biz onlarla birbaşa həmişə əlaqədə oluruq. Amma bu idman oyunları federasiyaları bir az qıraqda qalırdı, çünki olimpiadaya getmirdilər. Ona görə biz belə bir Ekspert Şurası yaratmaq istəyirik. Yəni bir nəfər tanınmış ekspert futboldan, bir nəfər basketboldan, bir nəfər həndboldan, bir nəfər voleyboldan bu Ekspertlər Şurasında olsun və bizim Milli Olimpiya Komitəsi ilə bu idman növlərini həyata keçirən federasiyaların əlaqələrini möhkəmləndirsinlər. Bəzi hallarda biz o federasiyalarda baş verənlərlə tanış deyilik. Yəni o ekspertlər Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclaslarında öz fikirlərini bildirsinlər ki, biz bu federasiyalara necə yardım edə, bu idman növlərini necə inkişaf etdirə bilərik.
Mikayıl HACIYEV
















































































