Azərbaycan Premyer Liqasının XXI turunun təxirə salınan "Neftçi" - "Qarabağ" görüşündə meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. "Ağ-qaralar"ın kapitanı Emin Mahmudovun qarşılaşmadan sonra Sportnet.az saytına müsahibə verib:
- Çox vacib qələbə qazandınız, görüş haqqında təəsüratlarınızı bölüşərdiniz...
- Son oyunda 1:5 hesabı ilə məğlub olduqdan sonra həm sistemi, həm də düşüncəmizi dəyişdik. Bilirdik ki, artıq onlara qarşı daha rahat oynaya bilərik. Amma ötən oyun ikili mübarizələri uduzurduq. Azarkeş dəstəyi yaxşı olduğu üçün istəyirdik ki, bu oyundan nəticə çıxaraq. Onlar möhtəşəm idilər. Sevinirik ki, alındı. Çox mübarizə aparır, çalışırdıq. Əks-hücumlara daha yaxşı çıxa bilərdik. Amma istənilən halda, axır ki qalib gəldik.
- İlk qarşılaşmaya da bu taktika ilə çıxsaydınız, nəticə fərqli ola bilərdi?
- Bilmək olmaz. "Qarabağ"a qarşı 5 ilədək müdafiə futbolu oynamışıq. Bu dəfə fərqli sistemdə oynamaq istədik. Bəlkə də ötən oyunda yaratdığımız imkanlar sayəsində erkən qollar vursaydıq, nəticə daha yaxşı ola bilərdi. Amma "Qarabağ"a qarşı açıq futbol oynamaq bir az çətindir. Ona hazır ola bilmədik. Amma yaxşı nəticə çıxardıq.
- 5 ildən sonra "Qarabağ" üzərində qələbə sizdə hansı hisləri oyatdı?
- Əlbəttə, qalib gəlməyi çox istəyirdik. Nə qədər önəmli qalibiyyət olsa da, o dəfəki kimi bizə çempionluq gətirmədi. Yenə də o tilsimi qırdıq. Çünki çoxdandır qələbə qazana bilmirdik.
- Elə vəziyyət yaranıb ki, komanda hazırda "Sabah"dan asılıdır...
- Bəli, "Sabah"dah asılıdır. Biz onların Azərbaycan Kubokunu qazanmalarını gözləyirik. Lakin çempionatın sonuna hələ 4 tur var. Onlardan asılı olmaq üçün son matçlarımızda qələbə əldə etməliyik.
- "Qarabağ"ı məğlub etməklə "Sabah"ı çempion etdiniz. Onlar da kuboku qazanmaqla bu borcu sizə qaytara bilərlər...
- (gülür - red.) Yaxşı olardı. Onları təbrik edirəm. Çünki bu mövsüm həqiqətən də inanılmaz futbol göstərdilər, layiq idilər. Sona 4 tur qalmış çempion olmaq çətindir. Onu da bacardılar.
- Qarşıdakı 4 oyununuzdan biri də "Sabah"a qarşıdır. "Zirə"yə nisbətən sizin rəqibləriniz daha çətin olduğundan, onların üzərində qələbə qazanmaq avrokuboklar üçün ciddi əhəmiyyət daşıyır...
- Məncə, ilk növbədə, "Karvan-Yevlax" üzərində qələbəni bacarmaq lazımdır. Çünki hamıya başağrı olduqlarını görürük. Xüsusən də öz meydançalarında onlara qarşı oynamaq çətindir. Oradakı axırıncı oyunumuzda son dəqiqələrdə vurduğumuz qolun hesabına qalib gəldik. Orada qələbə qazandıqdan sonra başqa şeyləri düşünmək daha yaxşı olardı.
- Ötən matç sizi müsahibəyə çağırdıqda, "gələn oyun" demişdiniz. Sanki belə nəticəni gözləyirdiniz...
- 1:5 hesabı ilə məğlub olduqdan sonra danışmağın çox da mənası yoxdur. İstəyirdik ki, növbəti oyun daha yaxşı nəticə göstərdikdən sonra danışaq.
Mikayıl HACIYEV
















































































