Elşən MƏMMƏDOV
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Quba Olimpiya İdman Kompleksinin stadionunun vəziyyətinə dair açıqlamasına AFFA-nın reaksiyasını bu boyda quruma heç yaraşdırmadım.
Milli assosiasiyanın mətbuat katibi Murad Axundov dolayısı ilə də yox, elə birbaşa məsuliyyəti qoydu Peşəkar Futbol Liqasının (PFL) üzərinə. Dedi ki, o stadionda oyun keçirməyə razılıq verən biz yox, PFL-in özüdür.
Yəni, AFFA öz üzvü olan, yeri gəldikdə və gəlmədikdə işlərinə müdaxilə etdiyi PFL-i hədəf göstərdi.
Halbuki futbol təsərrüfatına birbaşa cavabdeh qurum AFFA-dır. Digər tərəfdən, məsələnin mənəvi-etik tərəfi var: Hansı qurum öz daxilindəki əyər-əskiyi publik olaraq, göstərər? Əksinə, məsuliyyəti öz üzərinə götürər, özü daxili müzakirələr nəticəsində müvafiq tədbirlərə əl atar.
Görünür, AFFA-nın baş katibi Cahangir Fərəcullayevin PFL-i Ağ şəhərdən uzaqlaşdırıb ağ adamlar kimi, boşalan otaqları müavin və köməkçilərinə bölüşdürməsi elə-belə məsələ deyil.
Stadion-infrastruktur problemlərinə səbəb olan qərarı 2025-ci il fevralın 3-də elə Cahangir Fərəcullayevin baş katib vəzifəsinə təyin olunduğu iclasda AFFA İcraiyyə Komitəsi verib. Həmin toplantıda legioner limiti ləğv olunub, Premyer Liqada komanda sayı isə 10-dan 12-yə qaldırılıb.
Bu, Qurban Qurbanovun İcraiyyə Komitəsinin üzvü kimi qatıldığı və bir daha ora üz çevirmədiyi sonuncu iclas olub. Eyni zamanda həmin "tarixi toplantı"da PFL-in heç bir nümayəndəsi iştirak etməyib.
Sual olunur: Klub sayını artıranda yeni gələnlərin infrastruktur məsələləri, rəqiblərini hansı stadionda qəbul edəcəkləri araşdırılmışdı, yoxsa bu qərar pafos, görüntü xatirinə qəbul edilmişdi?
Gəlin, baxaq:
"İmişli", "Kəpəz" və "Araz-Naxçıvan" öz stadionunda oynamır, "Karvan-Yevlax" və "Turan Tovuz"un stadionları mövsümün gedişində hazır vəziyyətə gətirilsə də, Tovuz klubu ot örtüyündəki problem üzündən yenə də rəqiblərini Bakıda qəbul edir.
Yəni, 12 klubdan 5-nin stadion problemi olduğu halda, AFFA belə bir düşüncəsiz qərar verdi və limiti ləğv edərək, bütün klublara səviyyəli-səviyyəsiz legionerlərin doldurulmasına şərait yaratdı. Amma klublara infrastruktur məsələlərinin həllində heç bir köməklik etmədi. Heç olmasa, İcraiyyə Komitəsi klublardan tələb etmədi ki, 3 milyon manatdan 2,5 milyon manata endirdiyi maddi vəsaitin bir hissəsi infrastruktura yönəldilsin.
Necə olur ki, belə bir qərarı məsləhətsiz verirsən, amma stadion problemi çıxanda PFL-in üstünə yıxırsan? Niyə "İmişli" doğma rayonunda stadion ola-ola, ev oyunlarını Qubada keçirməlidir? Məgər AFFA rəhbərliyi bu qədərmi acizdir ki, İmişli şəhər stadionunda klubun icarə əsasında oynamasını belə, təmin edə bilmir?
Digər tərəfdən, sanki AFFA öz üzərinə düşən bütün işləri yüksək səviyyədə görür, qalıb bircə PFL-dən iş tələb etmək. Bir çönüb öz hakimlərinin Premyer Liqanın hər turunda verdikləri hoqqalara baxsınlar. Elə bir tur olmur ki, hakimlər qalmaqallı qərarlar verməsinlər. Hamısı da bir məqsədə qulluq edir: "Sabah"ı çempion etməyə!
Ötən mövsüm "Sabah"a çimərlik futbolu hakimi İnqilab Məmmədovun hesabına kubok verdirdilər, axırı nə oldu? Avropanın ortabab ölkələrinin klubları "Sabah"ı Avropa Liqasından Konfrans Liqasına atdılar, oradan da bayıra. Bu, AFFA-ya dərs olmadı. İndi də "Sabah"ı çempion etmək üçün dəridən-qabıqdan çıxırlar ki, heç olmasa, Çempionlar Liqasından Avropa Liqasına, oradan da Konfrans Liqasının əsas mərhələsinə soxa bilsinlər. Get-gedə bu, özünü daha gülünc formada göstərir. Daha düşünmürlər ki, "sevimli komanda" birdən "Neftçi"nin 2021/2022 mövsümündə yaşadığı aqibətlə üzləşə bilər.
AFFA çempionatla bağlı hər şeyi PFL-in üzərinə yıxmaq istəyirsə, o zaman elə hər şeyi PFL-in ixtiyarına versin. Lap elə hakimləri də. Necə ki, vaxtilə AFFA-nın əvvəlki rəhbərliyi bu cür etmişdi. Hakimlərin yaxşısına da, pisinə də PFL cavabdehlik daşıyırdı.
Verin klublara ayırdığınız vəsaitə nəzarət etməyi PFL-in ixtiyarına. Qoy, klublardan o pulun bir hissəsi ilə infrastruktur qurmağı elə PFL-in özü tələb etsin!
Verin klublardan aldığınız və ildən-ilə sərtləşdirdiyiniz cərimələri PFL-in ixtiyarına. Qoy, o pullarla hansısa əyər-əskiyi yoluna qoysun!
Verin legioner limiti rüsumlarını toplamağı PFL-in ixtiyarına. Qoy, o rüsumlarla ölkə futbolu naminə faydalı işlər görən klublara həvəsləndirici mükafatlar ayırsın!
Verin Lisenziyalaşdırma Şöbəsini PFL-in ixtiyarına. Qoy, klubların peşəkar liqalara uyğunluğunu özü yoxlasın ki, sabah sizin tənənizi eşitməsin, sizin tərəfinizdən hədəf göstərilməsin!
Siz də gedin ölkə futbolu tarixində ilk dəfə UEFA Millətlər Liqasında D Liqasına saldığınız Azərbaycan millisini "quyunun dibi"ndən çıxarmaqla, 113-cü pillədən 127-ci mövqeyə endirdiyiniz yığmanı söz verdiyiniz 75-ci pilləyə qaldırmaqla məşğul olun.
Nədir, sərf etmir?












































































