İyunun 20-21-də Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib.
Sportnet.az xəbər verir ki, milli komandanın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparıb. Onlardan ikisi fəxri kürsüyə qalxıb.
Əşrəf Aşırov (90 kq) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da həmyerlimiz ilk mərhələdəki nəticəni təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilən analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kq) isə Batumidə bürünc medalı boynundan asıb.
Dünya Seriyasında I-S dərəcəli hakimim Bəşir İsazadə ədaləti qoruyacaq.










































































