Özümü bu yarışa çox yaxşı hazırlamışdım. Bu il Olimpiya reytinqinə xal verən ilk turnir idi və burada maksimum nəticə əldə edərək xal toplamaq istəyirdim. Şükürlər olsun ki, məqsədimə çatdım.
Sportnet.az xəbər verir ki, bu sözləri “Böyük Dəbilqə”də qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kiloqram) deyib.
O, əsas hədəfin oktyabrda Bakıda keçiriləcək dünya çempionatı olduğunu söyləyib: “İstəyirəm ki, bu uğurumu həmin yarışda da təkrarlayım və dünya çempionu olum. Doğma azarkeşlər önündə çempionluq qazanmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Ailəm də tribunalarda olacaq və onları sevindirmək istəyirəm. Komandamızda ab-hava çox yaxşıdır. Biz bir ailə kimiyik, bir-birimizin uğurlarına sevinirik. Dünya çempionatında bütün çəki dərəcələrində medal qazanmağa çalışacağıq”.
İdmançı “Böyük Dəbilqə”dən əvvəl səhvlərinin üzərində ciddi çalışdığını, daha əvvəl məğlub olduğu rəqibləri yenidən analiz etdiyini deyib: “Bunun da nəticəsini gördük. Finalda yaponiyalı dünya çempionu Ryuju Naqayamaya qalib gəldim. O, daha əvvəl də cüdoçumuz Kəramət Hüseynova məğlub olmuşdu. Həmin görüşdə Kəramət vaza-ari ilə qalib gəlmişdi. Məncə, Naqayama Azərbaycan cüdoçularına qarşı güləşməkdə müəyyən çətinlik çəkir”.











































































