Braziliyanın "Santos" komandasının məşqi zamanı insident baş verib.
Sportnet.az "Global Esporte"yə istinadən xəbər verir ki, təcrübəli futbolçu Neymar ilə zorlama ittihamı ilə həbsdə olan Robinyonun oğlu kiçik Robinyo arasında gərginlik yaşanıb.
Özünün driblinqlə keçilməsindən əsəbiləşən Neymar Robinyo Jr-i “bir az yüngül oynamağa” çağırıb. Bu iraddan sonra tərəflər arasında mübahisə yaranıb və itələşmə baş verib. Bəzi mənbələr Neymarın gənc futbolçuya şillə vurduğunu da iddia edir.
Hadisənin davamında onun əsəblərinə hakim ola bilməyərək Robinho Jr-i badalaqla yerə yıxdığı bildirilir.
Qeyd olunur ki, Robinho Jr tərəfi klub rəhbərliyinə şikayət edib. Daha sonra Neymar gənc futbolçudan üzr istəyib və məsələ daxildə həllini tapıb.












































































