2026-cı il dünya çempionatında ilk turun son oyunu K qrupunda Özbəkistan və Kolumbiya milliləri arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Meksikanın paytaxtı Mexikodakı məşhur "Asteka" stadionunda təşkil olunmuş qarşılaşmanı ingiltərəli referi Entoni Teylor idarə edib.
Matç Kolumbiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Cənubi amerikalılar hesabı 40-cı dəqiqədə müdafiəçi Daniel Munyosun qolu ilə açıblar. Bu epizodda məhsuldar ötürmənin müəllifi Luis Dias olub.
Fasilədən sonra Özbəkistan millisi tarazlığı bərpa edib. 60-cı dəqiqədə Abbosbek Fayzullayev fərqlənib. Bu, Özbəkistanın mundialda ilk qolu olub.
Lakin cəmi beş dəqiqə sonra Dias komandasını yenidən hesabda önə çıxarıb. Oyuna əlavə olunmuş vaxtın 9-cu dəqiqəsində isə Xaminton Kampas Kolumbiyanın üçüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, Kolumbiya dünya çempionatına qələbə ilə başlayıb. Daha əvvəl K qrupunda Portuqaliya və Konqo Demokratik Respublikası milliləri arasındakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Mundialın son qalibi 2022-ci ildə Qətərdə təşkil olunmuş yarışın finalında Fransaya penaltilər seriyasında qalib gəlmiş Argentina millisi olub.




















































































