“Zirə”nin futbolçusu Eren Aydın UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Payde” ilə heç-heçə etdikləri oyundan (1:1) sonra jurnalistlərə açıqlama verib.
Sportnet.az xəbər verir ki, türkiyəli oyunçu komandasının sərgilədiyi oyundan razı qaldığını, lakin qol epizodlarından yararlana bilmədiklərini bildirib:
“Düşünürəm ki, futbolun ən acı tərəfi də budur. Çoxlu qol vəziyyəti yaratdıq, səkkiz-on açıq epizodumuz oldu. İki zərbəmiz dirəyə dəydi. Bu gün top sanki qapıya girmək istəmədi. İlk oyunda da dirəyə dəyən toplarımız və qaçırdığımız imkanlar olmuşdu. Yaxşı futbol nümayiş etdirdik, amma qismət belə imiş. Artıq qarşıdakı liqa oyunlarına köklənmək istəyirik”.
Eren Aydın komandanın Avropa mövsümünə tam hazır olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Müəyyən mənada hazırlıqsız yaxalandığımızı demək olar. Amma təlim-məşq toplanışını yaxşı keçmişdik və yaxşı futbol oynadıq. Hesab edirəm ki, ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etdik. Çox çalışdıq, amma qismət belə oldu. İndi diqqətimizi növbəti oyunlara yönəltməliyik”.
Futbolçu bildirib ki, “Zirə” meydanda rəqibdən üstün təsir bağışlayıb:
“Rəqibin cəmi iki təhlükəli zərbəsi oldu. Onlardan biri dirəyə dəydi, digəri isə qolla nəticələndi. Biz isə daha yaxşı futbol oynadıq. Düşünmürəm ki, mübarizəni uduzmağa layiq idik. Bununla belə, rəqibə hörmətlə yanaşıram. Onlar sona qədər mübarizə apardılar və mərhələ adladılar. Növbəti oyunlarda onlara uğurlar arzulayıram”.
İkinci hissədə əvəzlənməsinə münasibət bildirən Eren Aydın bunun baş məşqçinin qərarı olduğunu vurğulayıb:
“Bir qədər yorğunluq hiss edirdim. Baş məşqçimizin qərarına hörmətlə yanaşırıq. Futbolda bu cür qərarlar normaldır”.
O, oyunun sonlarında dirəyə dəyən topun qolla nəticələnməsinin matçın taleyini dəyişə biləcəyini də qeyd edib:
“Açığı, həmin epizodda topun qapıya daxil olduğunu düşündüm və qol sevincini yaşamağa hazırlaşırdım. Amma top içəri girmədi. Əgər hesab 2:0 olsaydı, bu bizim üçün çox böyük üstünlük olardı. Həmin epizoddan başqa da bir neçə yüzfaizlik qol imkanımız var idi. Təəssüf ki, bu gün alınmadı. Çox üzgünük, amma futbol belədir”.
120 dəqiqə və mümkün penaltilər seriyasına hazırlıq barədə danışan futbolçu əsas hədəflərinin matçı əsas vaxtda həll etmək olduğunu söyləyib:
“Biz işi 90 dəqiqə ərzində bitirmək istəyirdik. 1:0 hesabı ilə öndə olduğumuz vaxt da çoxlu qol imkanlarımız var idi, lakin onları dəyərləndirə bilmədik. Rəqib isə yaratdığı fürsətlərdən birində hesabı bərabərləşdirdi. Futbolda belə hallar tez-tez yaşanır. İndi geriyə baxmağın mənası yoxdur, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.











































































