İngiltərə Premyer Liqasında çıxış edən "Fulhem" klubu Madrid "Real"ının hücumçusu Qonsalo Qarsiyanın transferi ilə bağlı tərəflər arasında razılıq əldə olunub.
Sportnet.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumata əsasən, transferin məbləği 40 milyon avro təşkil edəcək.
Bundan əlavə, müqavilədə 2 milyon avro məbləğində bonus ödənişləri nəzərdə tutulub. "Real" futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 30 faizini də alacaq.
Razılaşmaya əsasən, Madrid təmsilçisi Qonsalo Qarsiyanın gələcək transferi zamanı üstünlük hüququnu da özündə saxlayacaq. Belə ki, başqa bir klub 22 yaşlı futbolçunun transferi ilə bağlı razılıq əldə edərsə, "Real" eyni şərtlərlə onu yenidən heyətinə qatmaq imkanına malik olacaq.
"Kral klubu"nun yetirməsi olan Qonsalo Qarsiya əsas komandanın heyətində 51 oyunda meydana çıxıb və 13 qola imza atıb.














































































