FİFA Portuqaliya ilə Xorvatiya arasındakı 2026-cı il dünya çempionatının 1/16 finalında oyununda ləğv olunmuş qolla bağlı rəsmi açıqlama yayıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 13-cü dəqiqədə Xorvatiya hesabı bərabərləşdirsə də, baş hakim Espen Eskos VAR-ın müdaxiləsindən sonra qolu qeydə almayıb.
Səbəb kimi Mario Paşaliçin oyundankənar vəziyyətdə olması göstərilib.
FİFA-nın yaydığı məlumata görə, mundialın rəsmi topu "Trionda"ya quraşdırılmış "Connected Ball Technology" sistemi epizod zamanı xorvatiyalı hücumçu İqor Matanoviçin topa toxunduğunu qeydə alıb. Məhz bu toxunuş Paşaliçin oyundankənar vəziyyətdə olduğunu təsdiqləyib və hakimin qərarının düzgün olduğu müəyyənləşib.
Qurumun açıqlamasında bildirilib ki, "Trionda"nın daxilində yerləşdirilmiş IMU sensorları topa edilən ən kiçik toxunuşu belə aşkar etmək imkanına malikdir. Bu texnologiya hakimlərə operativ və dəqiq qərar vermək üçün əlavə məlumat təqdim edir.
Xatırladaq ki, Portuqaliya Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Xorvatiya isə turnirlə 1/16 final mərhələsində vidalaşıb. Komanda 2022-ci il dünya çempionatında bürünc, 2018-ci ildə isə gümüş medal qazanıb.






































































