ABŞ və Kanadanın əsas futbol liqası olan MLS dünya çempionatında rekord göstəriciyə imza atacaq.
Sportnet.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, mundialın iştirakçı komandalarının iştirak ərizələrinə MLS-də çıxış edən 44 futbolçunun adı daxil edilib. Bu, liqanın 33 illik tarixində ən yüksək göstəricidir. Ümumilikdə isə hazırkı və sabiq MLS futbolçuları da daxil olmaqla, 103 oyunçu dünya çempionatında mübarizə aparacaq.
Bildirilib ki, turnirdə iştirak edəcək futbolçuların 42-si MLS klublarının akademiyalarında yetişib. ABŞ və Kanada millilərinin heyətlərində yer alan oyunçuların 79 faizi MLS-də çıxış edib və ya liqanın akademiyalarında formalaşıb.
Dünya çempionatında MLS-in 21 klubu təmsil olunacaq ki, bu da bütün daxili liqalar arasında ən yüksək göstəricidir. “Los-Anceles” klubu dörd futbolçu ilə ən çox təmsil olunan MLS komandası olacaq.
Qeyd edək ki, MLS futbolçuları dünya çempionatında 17 ölkənin milli komandasının heyətində çıxış edəcəklər.
Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 milli komanda mübarizə aparacaq.




















































































