İran millisinin kapitanı və hücumçusu Mehdi Taremi 2026-cı il dünya çempionatının təşkilatçılarını və FİFA-nı sərt tənqid edib.
Sportnet.az xəbər verir ki, Misirlə G qrupunun III turunda keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra təcrübəli futbolçu komandasının turnir boyu ciddi logistika problemləri ilə üzləşdiyini bildirib.
"Biz ilk gündən bu problemlərdən danışırıq. Bu, dünya çempionatı deyil, əsl fəlakətdir. Biz peşəkar futbolçularıq və peşəkar turnirdə çıxış edirik. Bu, nə düzgün, nə də ədalətlidir. Əgər FİFA bunu ədalətli hesab edirsə, bu, onların seçimidir. Amma reallıq tam başqadır. Bizə kim kömək edir? Heç kim. Problemləri kim həll etməlidir? FİFA? ABŞ? Mənə bir nəfərin adını deyin. Canni İnfantino ilk oyundan sonra paltardəyişmə otağımıza gəlib bütün problemlərin həll olunacağını demişdi. Lakin FİFA heç nə etmədi", – deyə Taremi bildirib.
Qeyd edək ki, hazırda İran millisi 3 xalla qrup mərhələsini başa vurub. Komanda 1/16 finala yüksəlmək üçün üçüncü yeri tutan ən yaxşı 8 yığmadan biri olmaq ümidi ilə digər qrupların nəticələrini gözləyir.












































































