Gənclər və İdman Nazirliyinin il ərzində müxtəlif idman federasiyaları ilə birgə dövlət qurumlarının əməkdaşları arasında təşkil etdiyi yarışların qalibləri artıq 3 ildir ki, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər.
Sportnet.az xəbər verir ki, hazırda Mərakeşdə keçirilən III Dünya Korporativ Oyunlarında da Azərbaycan dövlət qurumlarının əməkdaşları uğurlu nəticələr əldə ediblər.
Kişilər arasında voleybol və basketbol yarışlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıblar. FHN-in əməkdaşı Əli Bayramov isə stolüstü tennis yarışlarının bürünc medalını əldə edib.
SOCAR-ın minifutbol komandası 54 komandanın mübarizə apardığı yarışın final görüşündə Mərakeşi təmsil edən komandaya 1:0 hesabı ilə qalib gələrək III Dünya Korporativ Oyunlarının qalibi olub. Şahmat yarışlarında Azərbaycan Dəmir Yollarının əməkdaşı Sənan Quluyev qızıl medal qazanıb.












































































