Azərbaycanın MMA idmançısı Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşünün birinci raundundan sonra sol gözü ilə yaxşı görə bilməyib.
Sportnet.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
R. Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilmiş turnirində qalib olması ilə bağlı fikirlərini bölüşüb:
"Birinci raunddan sonra sol gözümlə yaxşı görə bilmirdim. Rəqibin zərbəsi ilə hər şey bulanıq idi. İkinci raundda fırlanaraq zərbə vurmaq istədim, bu da məndə alındı".
İdmançı atasının ona dəstək olduğunu söyləyib:
"Atam mənə çox dəstək olur. O mənə inandığını söylədi. Bugünkü döyüşümə görə çox narahat idi".
Təcrübəli döyüşçü Alim Nəbiyevin məşqçilər heyətində yer almasına toxunub:
"O mənim məşqçimdir və yanımda olacaq. Bu gün birinci raund bitəndə mənə dedi ki, çənəni aşağı sal və sol əlini yuxarı qaldır. Bu mənə çox faydalı oldu".
R. Fiziyev Azərbaycanda azarkeşlərinin çox olduğunu və onları qələbələri ilə sevindirmək istədiyini vurğulayıb.












































































