2026-cı il dünya çempionatının J qrupunda III turun oyunlarından sonra 1/16 finala yüksələn son komandalar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, qrupun ən dramatik qarşılaşması Əlcəzair və Avstriya yığmaları arasında baş tutub.
ABŞ-nin Kanzas Siti şəhərindəki "Arrouhed" stadionunda keçirilən və özbəkistanlı baş hakim İlgiz Tantaşevin idarə etdiyi görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 28-ci dəqiqədə Marko Arnautoviç açsa da, Rafik Belqali ilk hissənin sonunda bərabərliyi təmin edib. Fasilədən sonra - 55-ci dəqiqədə Marsel Sabitser Avstriyanı yenidən önə çıxarıb. Cəmi beş dəqiqə sonra Riyad Mahrez hesabı bərabərləşdirib.
Matçın son dəqiqələri isə əsl dramatik ssenari ilə yadda qalıb. Əlcəzair əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Mahrezin ikinci qolu ilə hesabda önə keçərək qələbəyə çox yaxın olsa da, Avstriya təslim olmayıb. Saşa Kalayciç 90+6-cı dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.
Qrupun digər oyununda son dünya çempionu Argentina İordaniyanı 3:1 hesabı ilə məğlub edib. Arlinqtondakı AT@T stadionunda təşkil olunmuş görüşdə argentinalılar Covani Lo Çelsonun 19-cu, Lautaro Martinesin penalti ilə 31-ci və Lionel Messinin 80-ci dəqiqədə vurduğu qollarla qalib gəliblər. İordaniyanın yeganə qolunu 55-ci dəqiqədə Musa Əl-Tamari vurub.
Beləliklə, Argentina üç oyunda maksimum – 9 xal toplayaraq J qrupunun qalibi olub. Avstriya və Əlcəzair hərəyə 4 xal toplasa da, əlavə göstəricilərə əsasən avstriyalılar ikinci, əlcəzairlilər isə üçüncü yeri tutublar. Xalsız qalan İordaniya isə mundialla vidalaşıb.
1/16 final mərhələsində Avstriya İspaniya ilə, Əlcəzair isə İsveçrə ilə qarşılaşacaq.










































































