“Ümumilikdə pis oyun alınmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyadakı təlim-məşq toplanışında yerli "VSG Tirol" komandasını 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
54 yaşlı mütəxəssis bildirib ki, fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə aparıblar: "Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik”.
Qeyd edək ki, qollardan 3-nü yeni transfer Zakaria Savo, digərini isə Kamilo Duran vurub.










































































