Azərbaycanda peşəkar boksun inkişafı üçün uzunmüddətli strategiya hazırlanıb.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov Bakıda keçirilən IBA Çempionlar Gecəsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycan boksçularının əksəriyyəti peşəkar rinqdə ilk döyüşlərinə çıxıblar və bu amil onların çıxışına təsir göstərib: “Bir neçə boksçumuzun görüşü heç-heçə başa çatdı. Nəzərə almaq lazımdır ki, onlar əsasən olimpiya boksunda çıxış edirlər və bu, peşəkar boksda ilk döyüşləri idi. Olimpiya boksunda idmançılar üç raundluq qarşılaşmalara öyrəşiblər, peşəkar boksda isə altı raund döyüşmək onlar üçün yeni təcrübədir. Buna baxmayaraq, boksçularımızın fiziki hazırlığı yüksək səviyyədə idi. Məsələn, dünya çempionatının mükafatçısı Sərxan Əliyevin kifayət qədər ciddi təcrübəsi var və bunu rinqdə nümayiş etdirdi”.
Samir Hüseynov qeyd edib ki, Azərbaycan Boks Federasiyası ölkədə peşəkar boksun inkişafına xüsusi önəm verir: “Azərbaycanda peşəkar boks üzrə belə yarışların keçirilməsini davam etdirəcəyik. Məqsədimiz dünya səviyyəsində uğur qazana biləcək peşəkar boksçular yetişdirməkdir. Bu istiqamətdə uzunmüddətli strategiya hazırlamışıq və gənc idmançıların inkişafı üzərində sistemli şəkildə işləyəcəyik. Hazırda dünyada peşəkar boksa maraq daha böyükdür. Buna görə də belə tədbirlərdə musiqi və şou elementlərindən istifadə olunur ki, azarkeşlərin marağı artsın. Hesab edirik ki, “Sea Breeze”də açıq havada təşkil olunan bu cür yarışlar həm idmanın təbliğinə, həm də insanların asudə vaxtlarını səmərəli keçirməsinə töhfə verir”.
ABF rəsmisi gənc boksçuların gələcəyinə də nikbin yanaşdığını bildirib: “Sübhan Məmmədov çox perspektivli idmançıdır. O, cəmi 19 yaşında IBA tarixinin ən gənc dünya çempionu olub. İnanıram ki, qarşıdakı illərdə də onun böyük uğurlarının şahidi olacağıq”.












































































