FİFA qarşıdan gələn dünya çempionatı zamanı stadionlarda vuvuzelalardan istifadəyə qadağa qoyub.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun stadionlarda davranış qaydalarında qeyd olunub.
Qaydalara əsasən, mundialın keçiriləcəyi bütün 16 arenada vuvuzelalar, fitlər, siqnallar və həddindən artıq yüksək səs yaradan digər qurğuların istifadəsi qadağandır. Bundan əlavə, lazer şüaları yayan cihazlar, lazer göstəriciləri və oxşar işıq effektlərindən istifadə də yolverilməz sayılıb.
Xatırladaq ki, uzun plastik borular olan vuvuzelalar 2010-cu ildə CAR-da keçirilmiş dünya çempionatının əsas simvollarından birinə çevrilmiş, həm azarkeşlərin, həm də futbol ictimaiyyətinin mübahisələrinə səbəb olmuşdu.
FİFA həmçinin təhlükəsizlik səbəbilə tamaşaçıların stadionlara plastik və təkrar istifadə oluna bilən su qabları gətirməsini də qadağan edib. Qaydaları pozan şəxslərin arenalara buraxılmayacağı bildirilib.
48 komandanın iştirak edəcəyi dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirin açılış oyununda Meksika millisi Cənubi Afrika yığması ilə qarşılaşacaq.















































































