Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində San Marino yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.
Sportnert.az xəbər verir ki, mütəxəssis ilk olaraq hazırlıq prosesi və komandadakı ümumi vəziyyətlə bağlı danışıb:
- Toplanış prosesində hər şey planlı şəkildə gedir. Geniş heyətimiz var. Amma planlaşdırmadığımız bəzi xırda detallar oldu. Məsələn, Rəhim Sadıxov bura gələndən xəstələndiyi üçün tam məşq edə bilmədi, yalnız bu gün tam məşq edəcək. Elvin Bədəlovun da xəstələnməsini istəməzdik. Amma ümumilikdə toplanış planlı şəkildə gedir. Bu toplanışda hər kəsi görmək istəyirdik. İlk matçımızda nəticə əldə etmək, Malta üzərində qələbə qazanmaq istəyirdik. Bunu hər oyunda istəyəcəyik. Amma burada nəticədən də önəmlisi futbolçularımızı iş başında, əsas heyətdə görməkdir. Çünki qarşıdan gələn UEFA Millətlər Liqasında bu, bizim üçün vacib olacaq. Bəzi mövqelərdə suallarımız var idi. Əsasən də hücum xəttində tandemlər görmək istəyirdik. Bundan yaxşı fürsət ola bilməz. Ümidvaram ki, bunu sabahkı matçda da görəcəyik. Rəqibimiz məlumdur, futbolçularla da görüşüb-danışdıq. Nə qədər yaxşı oynadığımızı, hücumda çox olduğumuzu desək də, bu, bizi qane etmir. Çünki hücumları sona çatdırmaq lazımdır. Bu, bizim üçün vacibdir, bunu biz "FIFA Series-2026"da da gördük. Çoxsaylı imkanlarımız olur, amma istifadə edə bilmirik. Əlbəttə, burada müəyyən nüanslar var. Bəzi futbolçularımızın oyun praktikası azdır. Amma bu da bəhanə olmamalıdır. Çünki Millətlər Liqasında qalib gəlmək istəyiriksə, hər epizoddan maksimum istifadə etməliyik. İnanıram ki, sabah futbolçularımız Malta məğlubiyyətinə yaxşı reaksiya verəcəklər və qalib gələrək, təlim-məşq toplanışını yaxşı notlarla bitirəcək, sentyabr - noyabr qarşılaşmalarına hazır olacaqlar.
Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun video-analizi zamanı futbolçulara əsasən hansı iradlar bildirildi və xüsusən, hücumçulara nə dediniz?
- Məğlub olduqdan sonra da biz baş məşqçilər üçün maraqlı anlar olur. O mənada ki, futbolçulara nə deyək? Bəzən futbolçulara əzmkarlıq, istəyin çatmadığını, tapşıqları yerinə yetirmədiklərini irad tuturuq. Amma inanın, bunlar oyunlara görə deyildi. Çox yaxşı hücumlarımız oldu, istək var idi, birəbir mübarizələrdə qalib gəlirdik. Son 15 dəqiqə ərzində rəqib tərəfdə tam şəkildə hücumda olduq. Sadəcə, sonluq çatışmadı. Əlbəttə, bunlar təhlil zamanı göründü və futbolçulara da bildirildi. Bura milli Lakin sınaq oyunlarında özləri də gördülər və bir çox futbolçumuz da etiraf etdi ki, istək çox olsa da, oyun təcrübəsinin azlığı hücumları tamamlamağa mane oldu. Bəlkə də bu məğlubiyyət futbolçularımızın xeyrinə olacaq. Çünki onların qarşıdakı qərarları önəmli olmalıdır, karyeralarını riskə atmamalıdırlar. Gəlin, gerçəyi deyək, kənarda da futbolçularımız qalsa da, siyahımız geniş deyil. Bu futbolçular oynamasalar, biz itirəcəyik. Onları əvəzləmək istədiyimiz gənclər çox azdır və bu səviyyədə çıxış etməyə hazır deyillər. Ona görə də məncə, bu məğlubiyyət futbolçulara bir siqnal idi. Millidə daim yaxşı oynamaq istəyirlərsə, klublarında 7-8 dəqiqə ilə kifayətlənməməlidirlər. Çünki bu halda milliyə xeyir verə bilməyəcəklər. Bunu biz qəbul etməliyik və təhlildə də hər kəs gördü. Çox yaxşı təhlil oldu. Çoxdandır bu qədər epizod olmurdu. Bir şeyi deyə bilərəm ki, 12 künc zərbəsi yerinə yetirmişik, amma cəmi 1-i təhlükəli oldu. Halbiki elə oyunlar olur ki, biz 2-3 korner qaldırırıq. Çünki rəqiblər çox güclü olurlar.
- Bəs buraxılan qollara görə hansı iradlarınız oldu?
- Bilirsiniz, bu, hansı oyunlardan idi? Bəlkə iki gün oynasaydıq da, Maltaya qol vura bilməyəcəkdik. Əvəzində rəqibin 4 hücumundan 2-si qol oldu. Belə məğlubiyyətlər, belə oyunlar da olur. İlk qolda fərdi səhvlərimiz oldu. İkinci qolu isə bizi tam şəkildə hücumda olduğumuz vaxt əks-hücumda yaxaladılar. Bu da normaldır. Orada bəlkə də müdafiəçilərimiz taktiki foul etməli idilər. Foul etmədikləri üçün rəqibin hücumu qolla nəticələndi. Bunları biz futbolçularla danışırıq ki, ikinci dəfə baş verməsin.
- İlk oyundan sonra heyət dəyişəcəkmi?
- Start heyət tam fərqli olacaq. Yoldaşlıq görüşlərindən öncə "11-liy"i açıqlayıram: Start heyətində qapıda Şahruddin Məhəmmədəliyev, müdafiədə Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, yarımmüdafiənin mərkəzində Səbuhi Abdullazadə və Emin Mahmudov, hücumda isə Ayxan Hüseynov, Rüstəm Əhmədzadə və Renat Dadaşov yer alacaq.
- Cəlal Hüseynov hansı mövqedə oynayacaq?
- Cəlal universal oyunçudur. Müdafiənin həm sağ, həm də sol tərəfində stopper kimi çıxış edə bilir. "Şamaxı"da ikən onu bir oyunda dayaq yarımmüdafiəçisi mövqeyində də istifadə etdik və pis çıxış etmədi. Əlbəttə, elə oyunlar olar ki, Cəlaldan dayaq yarımmüdafiəçisi kimi də yararlana bilərik.
- Abdulax Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?
- Mənim üçün çox üzücü qərar idi. Çünki hər ikisi mənim dövrümdə millidə ən intizamlı futbolçular olublar. Digərlərinə qarşı olsaydı, bəlkə də bu qədər heyfsilənməzdim. İnanın, oyundan əvvəl çəkilmiş bir video var: Məşqə birlikdə velosipedlə gedirlər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada çox yaxşı ab-hava var, futbolçular istəkli gəliblər, fərq var. Bunu davam etdirməliyik. Birdən-birə nələrsə olmur. Bir toplanış ərzində hər şey dəyişməyəcək, mükəmməl olmayacaq. Əlbəttə, bu cür xırda nüanslar olacaq. Amma qərar hazırkı toplanışa aiddir. Çünki oyundan sonra futbolçular da çox məyus idilər. Kapitanlarla birlikdə söhbət etdik. Ümidvaram ki, onları qarşıdakı toplanışda görəcəyik.
- Malta ilə 10-cü dəfə qarşılaşırdınız. Lakin yubiley matçında qələbə qazana bilmədiniz. Bəs San Marinonu məğlub etmək mümkün olacaqmı?
- Qalib gələcəyimizə inanıram. Futbolçular da inanırlar. Bizə qələbə lazımdır. İstəyirik ki, milli komanda və futbolçular inkişaf etsinlər, oyunçular yaxşı klublara getsinlər. Bunun üçün millidə mütləq yaxşı çıxış etməlidirlər. Bəlkə də futbolçularımızın xarici klublara az transfer olunmalarının səbəblərindən biri millidəki nəticələrdir. Bunu hamımız dərk edirik və mütləq qələbələr olmalıdır.















































































