Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynov Macarıstanın Sombatxey şəhərində San-Marino yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, gənc futbolçu mövsümün yekun toplanışını dəyərləndirib, komandadakı ab-hava və gələcək planlarından danışıb:
- Mövsüm başa çatdıqdan belə bir toplanışa gəldik. Əlbəttə, futbolçular üçün bir az çətin olur. Amma hazırlıq prosesimiz çox yaxşı ab-havada keçdi. Artıq bir oyunu keçirmişik. Sabah isə San Marinoya qarşı çıxış edəcəyik. Ümumilikdə, bu toplanış Millətlər Liqasına hazırlıq baxımdan çox yaxşı keçdi. Ab-hava və məşqlərdə göstərdiyimiz performans yaxşı idi. Sabah qalib gəlmək və Millətlər Liqasına daha da yaxşı hazırlaşmaq istəyirik.
Hüseynov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Toplanışda tam olaraq nə çətin gəlir? Axı, bu, sizin işinizdir...
- Əlbəttə, bu bizim işimizdir. Nə vaxt olursa-olsun, həmişə buna hazır olmalıyıq. Üstəlik, bu, milli komandadır. Burada heç bir bəhanə ola bilməz. Lakin çətin mövsüm olur, ilboyu oynayırsan, mövsümün sonunda hamı istirahətə çıxır, amma sən hələ də toplanışda olursan. Amma bura milli komandadır. Ona görə də sonadək əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Bolqarıstan çempionatında qol da vururdunuz. Rəqibin müdafiə olunacağını nəzərə alsaq, sabah hücumlara qoşulacaqsınız?
- San Marino reytinqcə bizdən aşağıda olsa da, yaxşı komandadır. Artıq onları izləmişik, analiz etmişik, bilirik. Əlbəttə, çətin oyun olacaq. Üstəlik, qapanan rəqibə qarşı çıxış etmək daha da çətin olur. Amma çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək. Əlbəttə, mən qol vursam, mənim üçün daha da yaxşı olar. Amma burada əsas məsələ komandamızın qələbəsidir. Çünki buna ehtiyacımız var. Qələbə qazanmalıyıq ki, özünəinamımız daha da çox olsun. Kim qol vurur-vursun, əsası odur ki, sonda biz qalib olaq.
- Gələcək klubunuzla bağlı yekun qərar vermisinizmi: Legioner həyatınızı davam etdirmək, yoxsa Azərbaycana qayıtmaq?
- Hazırda klubsuzam. Çünki artıq Bolqarıstanın "Arda" klubu ilə yollarımızı ayırmışıq. Amma Azərbaycana qayıtmağı düşünmürəm. Karyeramı legioner kimi davam etdirəcəyəm. İyunun ortalarınadək anlaşacağımız komanda olacaq. Hazırda danışıqlar gedir. Tələsmək istəmirəm, çünki daha düzgün qərarı vermək istəyirəm. Legioner həyatımı davam etdirəcəyəm.
- Özünüzü daha çox hansı mövqedə görürsünüz?
- Əslində 5-li müdafiədə hər tərəfdə oynaya bilirəm. Məncə, yarımmüdafiəçi kimi də pis çıxış etmirəm. Əlbəttə, əsas mövqeyim mərkəz müdafiəçisidir. Amma baş məşqçimiz orta sahədə oynamağıma qərar versə, bunu rahatlıqla icra edə bilərəm.









































































