Cənubi Afrika Respublikasının (CAR) milli komandasının baş məşqçisi Huqo Bros mundial tarixində komandasını dünya çempionatı oyununa çıxaran ən yaşlı çalışdırıcı olub.
Sportnet.az xəbər verir ki, 74 yaşlı belçikalı mütəxəssis bu rekorda Meksikada keçirilən dünya çempionatının açılış matçında imza atıb.
CAR yığması Mexikodakı məşhur "Asteka" stadionunda ev sahibi Meksika ilə qarşılaşıb.
Bununla da Bros əvvəlki rekordun sahibi olan almaniyalı baş məşqçi Otto Rehhageli geridə qoyub. Rehhagel 2010-cu ildə CAR-da keçirilmiş dünya çempionatında Yunanıstan millisinin baş məşqçisi kimi iştirak etmişdi. Həmin turnirdə yunanlar qrup mərhələsini keçə bilməmişdilər.
Lakin Brosun rekordu uzunömürlü olmaya bilər. Çexiya millisinin baş məşqçisi Miroslav Kubek sentyabrda 75 yaşını qeyd edəcək. Həmçinin, vaxtilə Rusiya millisini çalışdırmış niderlandlı mütəxəssis Dik Advokat 78 yaşında Kurasao yığmasına rəhbərlik edir və rekordu yeniləmək şansına malikdir.
2022-ci ildən Cənubi Afrika millisinin baş məşqçisi olan Bros karyerasında mühüm nailiyyətlərə imza atıb. O, 2017-ci ildə Kamerun millisini Afrika Millətlər Kubokunun qalibi edib. Klub səviyyəsində isə "Brügge" ilə iki, "Anderlext" ilə bir dəfə Belçika çempionluğunu qazanıb.
Huqo Bros futbolçu kimi də zəngin karyeraya sahib olub. O, "Anderlext"in heyətində üç dəfə Belçika çempionu olub, iki dəfə UEFA Superkubokunu və Kuboklar Kubokunu, bir dəfə isə UEFA Kubokunu qazanıb.



















































































