2026-cı il dünya çempionatının qrup mərhələsində II turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, K qrupunda Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları üz-üzə gəliblər.
Meksikanın Sapopan şəhərindəki Akron stadionunda təşkil olunan qarşılaşmanı italiyalı hakim Mauritsio Marianinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Görüş Kolumbiya millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Matçın taleyini həll edən yeganə qolu 76-cı dəqiqədə müdafiəçi Daniel Munyos vurub.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Kolumbiya yığması K qrupunun liderliyinə yüksəlib və pley-offa vəsiqə yolunda mühüm addım atıb.
4 xala malik Portuqaliya ikinci pillədə qərarlaşıb. Konqo Demokratik Respublikası 1 xalla üçüncü, xalsız Özbəkistan isə sonuncu – dördüncü sıradadır.
Qrupun son turunda Kolumbiya Portuqaliya ilə qarşılaşacaq. Özbəkistan isə Konqo Demokratik Respublikası ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki görüş iyunun 28-də keçiriləcək.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsi iyunun 27-dək davam edəcək. Hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yerləri tutan ən yaxşı səkkiz yığma pley-off mərhələsinə yüksələcək.









































































