Dünya çempionatları tarixində indiyədək yalnız dörd qardaş cütlüyü rəqib qapılarına yol tapmağı bacarıb.
Spornet.az FİFA-ya istinadən xəbər verir ki, Qərbi Almaniya yığmasının 1954-cü ildə ilk dəfə çempionluq qazandığı turnirdə ümumilikdə 7 qol vuran Ottmar Valter və Frits Valter bu uğura imza atan ilk qardaşlar olublar.
Niderland millisinin 1974-cü və 1978-ci illərdə ikinci yeri tutan heyətində yer alan Villi və Rene van de Kerkhof qardaşlarından hər ikisi 1978-ci ildəki turnirdə fərqləniblər.
Sokrates və Rai turnirdə qol vuran üçüncü qardaş cütlüyü olaraq tarixə düşüblər. Hər iki futbolçu Braziliya yığmasının kapitanı kimi dünya çempionatındakı ilk oyunlarının ikinci hissəsində penalti zərbələrini dəqiq yerinə yetirərək eyni rəqibə (1982-ci ildə SSRİ və 1994-cü ildə Rusiya) qarşı qazanılan qələbələrdə pay sahibi olublar.
Dünya çempionatında qol vuran sonuncu qardaşlar isə Mikael və Brayan Laudrup olublar. Mikael 1986-cı (Meksika) və 1998-ci (Fransa) illərdə bir qol vurduğu halda, Brayan Fransadakı turnirdə iki dəfə rəqib qapısını silkələyib.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.















































































