"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borgesin "Report"un suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Sabah"la Azərbaycan Premyer Liqasının XXV tur oyununda heç-heçə edərək, vaxtından əvvəl çempionluğu rəsmiləşdirdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- "Qarabağ"dakı ilk mövsümdəcə çempion olmağı bacardım. Ona görə də bu, mənim üçün xüsusi və özəl uğurdur. Doğrudan da bizə sevinc bəxş etdi. Ailə üzvlərimi, komanda yoldaşlarımı belə xoşbəxt görmək, çempionluğu qeyd etmək xoşdur. İnanılmaz hisslərdir.
- Deyəsən, bu, karyeranızda ilk çempionluqdur...
- Xeyr, belə deyil. Braziliyada da çempionluq yaşamışam. Bu zəfər də mənim üçün qürurvericidir.
- Maraqlıdır, oyundan sonra Qurban Qurbanov paltardəyişmə otağında futbolçulara nə dedi, sizi necə təbrik etdi?
- Qurban müəllim sırf mənə ünvanlanacaq heç nə demədi. Ümumi qrupa müraciət etdi. Komanda üzvlərinə mövsüm boyu göstərdikləri əzmkarlığa və çalışqanlığa görə təşəkkürünü bildirdi. Azərbaycanda, ümumiyyətlə karyerasında ilk titulunu qazanan oyunçuları təbrik etdi. Hamımıza uğurlar arzuladı. Həm çempionluğa, həm də bizə görə sevincli olduğunu bildirdi. Yəni, bu səpkidə danışdı.
- Yəqin ki, ən azı çempionluğa görə, "Qarabağ"a keçdiyiniz üçün peşman deyilsiniz...
- Bu suala bir qədər fərqli cavab vermək istəyirəm. Bunu çempion olmuşuq deyə demirəm. "Qarabağ" klub olaraq tam fərqlidir. Burada hər şey çox ürəyimcədir. Bu komandaya keçidim nəinki futbolçu kimi, həm də insan və şəxsiyyət kimi formalaşmağıma təkan verdi. Son 1 il mənə hədsiz dərəcədə müsbət təsir etdi. Allaha təşəkkür edirəm ki, "Qarabağ"ı seçməyimdə mənə yardımçı oldu. Buna görə çox xoşbəxtəm.
- "Sabah"la oyunda sanki komandanın üzərində təzyiq var idi. Bu, nədən qaynaqlanırdı? Rəqib yaxşı oynadı, yoxsa siz əvvəlki matçlara nisbətən zəif çıxış etdiniz?
- Əslində "Sabah" yaxşı komandadır. Sonadək mübarizə apardılar. Heyətində səviyyəli futbolçular var. Həm qarşımızda yaxşı rəqib var idi, həm də ola bilsin ki, biz bir az tələskənlik edirdik. Sanki tez bir zamanda istədiyimizi nəticəni qazanıb çempionluğu bayram etməyə tələsirdik. Bunlar da səbəb ola bilər. Məncə, burada pis heç nə yoxdur. Əsas odur ki, hədəfimizə çatdıq və artıq çempionuq.
- Mövsümü iki titulla bitirmək şansınız var. Azərbaycan Kubokunun finalında "Zirə ilə qarşılaşacaqsınız. Şansları necə qiymətləndirirsiniz?
- Doğrudan da bunun üçün böyük imkanımız var. Artıq çempion olmuşuq və daha bir titul qazana bilərik. Amma qarşımızdakı rəqib həqiqətən rəqabətə davamlı komandadır. Finala çıxmaları təsadüfi deyil. Mübarizliyinə görə bu yerə çatıblar. Ciddi rəqiblə oynayacağıq. Amma bütün maneələrə və çətinliklərə baxmayaraq, hədəfimiz kuboku qazanmaqdır. Mövsümü "qızıl dubl"la bitirmək üçün əlimizdən gələni edəcəyik.
- "Qarabağ" 1 illik fasilədən sonra yenidən Çempionlar Liqasında (ÇL) mübarizə aparacaq. Bu, sizin ilk ÇL təcrübəniz olacaq. Həyəcanlısınız?
- Çempionlar Liqası karyerasını davam etdirən hər bir futbolçunun arzusudur. Dünyanın ən nüfuzlu klub turniridir. Hamı orada oynamaq istəyər. Mən ÇL-də çıxış etməklə həm özümün, həm də ailəmin arzusunu gerçəkləşdirmiş olacağam. Amma həyəcan yoxdur. Çünki sevdiyin işi görürsənsə, orada əsəbilik, gərginlik ola bilməz. Özünü bu yarışda iştiraka hazır saymayan hansısa futbolçuda həyəcan ola bilər. Mən sadəcə, turnirin qısa zamanda başlamasını istəyirəm. Hazırda yalnız bu hisslər var. Çempionlar Liqası oyunlarının da həyəcanını yaxşı mənada yaşamaq arzusundayam. Gərginlik isə ümumiyyətlə yoxdur. Arzumu gerçəkləşdirməyi səbirsizliklə gözləyirəm.