Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşadək ağırlıqqaldıranlar arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.
Sportnet.az-ın məlumatına görə, yaşı 17-dək olan qız atletlərin 53 kq çəki dərəcəsində Səbinə Əzimova qızıl medala sahib olub. O, birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq-la bu hərəkətdə 2-ci olub. Əzimova təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək, yenə 2-ci yeri tutub. İki hərəkətin cəmində isə azərbaycanlı atlet 174 kq (78 kq + 96 kq) nəticə ilə bütün rəqiblərini qabaqlamağı bacarıb.
Beləliklə, Əzimova yeniyetmələr arasında 3 qat Avropa çempionu olub. O, həm də yaşı 15-ə qədər olan qızların 53 kq çəkidə rekordçusudur.
Qeyd edək ki, Avropa çempionatında 40-dək ölkədən 305 atlet (175 oğlan və 130 qız) mübarizə aparır.