
"Qəbələ” klubu yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"ın heyətində yarım il çıxış edə bilib.
2014-cü ilin yayında transfer olunan portuqaliyalı oyunçu mövsümün ilk yarısında "Qəbələ"də 14 oyun keçirib. Ötən il avqustun 10-da keçirilmiş Topaz Premyer Liqasının I turunun "İnter”lə oyununda (0:4) "Qəbələ” formasında debüt edən Pinto 13 çempionat oyununda 458 dəqiqə meydanda olub, 1 sarı vərəqə ilə diqqət çəkib. Pireneyli futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də "Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Yazaldenin "Qəbələ”də son matçı olub.
"Qəbələ” İdman Klubu Qomeş Yazalde Pintoya "qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.










































































