"Çempionatın ikinci yarısının startını səbirsizliklə gözləyirik". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
Komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Rusiya "Mordoviya"sına qarşı yoxlama matçını şərh edən təcrübəli müdafiəçi mövsümün qalan bölümünə yaxşı nəticə ilə başlamaq istədiklərini bildirib. Onun fikrincə, fevralın 7-də qəbul edəcəkləri "Bakı" daha üstün durumda olacaq: "Çünki "Bakı" bizdən fərqli qış fasiləsindən sonra ilk turda "Qəbələ" ilə matça çıxacaq. Biz isə heç bir rəsmi oyun keçirmədən "Bakı"nı qəbul edəcəyik. Digər tərəfdən, autsayderlər qrupundakı komandalar liderlərə qarşı əzmkar mübarizə aparırlar. İstər komanda şəklində, istərsə də futbolçular fərdi olaraq. Mövsümün ilk yarısında da belə olmuşdu. Çətin vəziyyətdə olsalar da, yenə də əzmkar çıxış edəcəklər".
Sadıqovun sözlərinə görə, "Qarabağ" mövsümün ikinci yarısına yaxşı nəticə ilə başlasa, sıx qrafiklə oyunlar keçirəcəyi növbəti turlarda da eyni tempdə davam edəcək.
Qeyd edək ki, "Qarabağ" - "Bakı" qarşılaşması fevralın 7-də oynanılacaq.