
Sportnet.az Azərbaycanın cüdo sahəsində tanınmış məşqçisi Tərlan Həsənovla söhbətləşib.
Təcrübəli mütəxəssis 1970-ci illərdən bəri idmanımızda iz qoyub, yüzlərlə idmançının yetişməsində pay sahibi olub. O, uzun illər dostluq və əməkdaşlıq etdiyi Əhməddin Rəcəblidən və yetirməsi - Olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərovdan danışıb.
“Hidayət mənim üçün sadəcə bir idmançı deyil – 21 ildir həyatımın bir parçasıdır. Onu 6 yaşından tanıyıram. Meydanda həm gücünü, həm də ürəyini ortaya qoyur”, – deyə Həsənov bildirib.
“Əhməddin müəllimlə həm rəqib, həm dost olduq”
– Cüdoya necə başlamısınız və Əhməddin Rəcəbli ilə tanışlığınız necə olub?
– 1970-ci illərin əvvəllərində mən və Əhməddin müəllim cüdo idmanına məşqçilik etməyə başladıq. O, Sumqayıtda, mən isə Bakıda məşq keçirdim. O gündən bu günə qədər həm rəqib, həm də yaxın dost olmuşuq.
– O dövrdə Azərbaycanda cüdo hansı vəziyyətdə idi?
– O vaxt cüdo nəinki Sumqayıtda, ümumiyyətlə, Azərbaycanda çox az tanınırdı. Əhməddin müəllimin isə o vaxtdan bəri bir çox istedadlı şagirdi yetişib. Mən ondan yaşca böyük olsam da, həmişə müəllim kimi qəbul etmişəm. Onun yetirmələrinin uğurları mənim üçün böyük fəxrdir.
“Sovet dövründə imkanlar çox məhdud idi”
– Sovet dövründə məşqçilik etmək çətin idimi?
– Bəli, o vaxt irəli getmək çox çətin idi. İdmançılar üçün imkanlar məhdud idi, beynəlxalq yarışlara çıxış imkanı az olurdu. İndi isə Azərbaycan öz yığma komandasını Avropa, dünya çempionatlarına, Olimpiya Oyunlarına göndərə bilir. Bu, böyük irəliləyişdir.
“Hidayət 21 ildir həyatımın bir parçasıdır”
– Gəlin, Hidayət Heydərov mövzusuna keçək. Onu necə xatırlayırsınız?
– Hidayət mənim üçün sadəcə bir idmançı deyil – 21 ildir həyatımın bir parçasıdır. Onu 6 yaşından tanıyıram. Birlikdə keçdiyimiz yol, çəkdiyimiz zəhmət, yaşadığımız çətinliklər bizi ailə kimi edib. Ona sonsuz hörmətim var və əminəm ki, qarşıdakı illərdə idman tariximizdə iz qoyacaq.
– Hidayətin əsas üstünlükləri nələrdir?
– Olimpiya çempionluğu üçün təkcə güclü olmaq kifayət deyil. Fiziki, psixoloji və texniki baxımdan zirvədə olmaq lazımdır. Hidayət bütün bu keyfiyyətlərə sahibdir. O, özü-özünə söz verib ki, Olimpiya medalını qazanacaq və ikiqat Olimpiya çempionu olacaq. Mən də buna inanıram.
“Meydanda həm gücünü, həm də ürəyini ortaya qoyur”
– Hazırlıq prosesində nələrə diqqət yetirirsiniz?
– Hazırlıq yalnız məşq zalında baş vermir. Günlərlə davam edən fiziki hazırlıq, texniki təkmilləşmə, motivasiya söhbətləri də mühümdür. Hidayət meydanda həm gücünü, həm də ürəyini ortaya qoyur.
– Rəqibləri barədə nə deyə bilərsiniz?
– Rəqiblər güclüdür, amma Hidayətin fərqi ondadır ki, heç vaxt geri çəkilmir. Hər dəfə tatamiyə çıxanda sanki bütün Azərbaycanı çiynində daşıyır.
“Federasiyanın yaratdığı şərait böyük üstünlükdür”
– Milli komandalarda həm yerli, həm də xarici məşqçilər çalışır. Bu, hansı üstünlüklər yaradır?
– Xarici məşqçilər favorit seçmirlər – kim güclüdürsə, onu yarışa göndərirlər. Yerli məşqçilər isə idmançının ruhunu, xarakterini daha yaxşı tanıyırlar. Bu iki yanaşma birlikdə böyük güc yaradır.
– Hazırkı şəraitdən razısınızmı?
– Bəli. Federasiyamız idmançılar üçün mükəmməl şərait yaradıb. Bu baza, imkanlar və inamla çalışan bir komanda bizə böyük üstünlük verir.
“Olimpiya medalı üçün çalışırıq”
– Sonda Hidayətin qarşıdakı hədəfləri barədə nə deyərdiniz?
– O, hazırda həm Bakıda keçiriləcək 2026-cı il dünya çempionatına, həm də Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlaşır. Əminəm ki, yalnız medal qazanmayacaq, həm də bu millətin qürurunu bir daha ucaldacaq. Onun özünə inamı, iradəsi və döyüş ruhu hər kəsə nümunədir. Biz birlikdə zirvəni fəth edəcəyik!
Haşım MƏMMƏDOV