Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında imzalanan tərəfdaşlıq müqaviləsi haqda danışıb. Sportnet.az-ın məlumatına görə, S.Sadıqov ACF-nin rəsmi saytına açıqlamasında bu sözləşmənin yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcəyini deyib.
O bildirib ki, ötən ilin oktyabr ayında Fransanın paytaxtı Parisdə ACF və İJF rəhbərlərinin görüşündə və Marius Vizerin bu ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycanda cüdonun inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunmuş, SOCAR-la İJF arasında 4 illik tərəfdaşlıq müqaviləsi imzalanması haqqında razılıq əldə edilmişdir: "Bu il Olimpiya ili sayılır və bu dövr ərzində Beynəlxalq Cüdo Federasiyasının xüsusi inkişaf proqramı mövcuddur. İmzalanan Tərəfdaşlıq müqaviləsi də, bizə həmin proqram çərçivəsində ölkəmiz üçün müxtəlif layihələrin həyata keçirilməsi imkanı yaradacaqdır. Eləcə də Beynəlxalq Cüdo Federasiyası tərəfindən azərbaycanlı məşqçi və hakimlər üçün seminarlar təşkil olunacaq”.
Votse-prezident həmin layihələrin nədən ibarət olduğunu açıqlayıb: "Həmin layihələrdə Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur. Cüdo məktəblərinin və digər infrastrukturların yaradılması, fəaliyyətdə olan məktəblərin və seksiyaların inventarlarlarla təchiz olunması, metodik vasitələr və yardımlar da nəzərdə tutulmuşdur. Bütün bunlar isə yeni istedadların üzə çıxmasına və Azərbaycan cüdosunun inkişafına töhfə verəcəkdir".