Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2014-cü ilin yekunlarına həsr olunmuş təntənəli mərasim keçirib. Sportnet.az-ın məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunmuş mərasimdə federasiyanın baş katibi Bəhruz Nəbiyev hesabatla çıxış edib.
Çıxışdan sonra il ərzində əldə olunan yüksək nailiyyətlərlə əlaqədar bir sıra qabaqcıl idmançılara, məşqçilərə, hakimlərə ve digər xadimlərə fəxri diplomlar və pul mukafatları təqdim olunub. Müfafatların məbləği 1000 manat və ya 5000 manat olub.
Təltifetmə mərasiminin ardından ARAF-ın prezidenti Elçin Quliyev çıxış edərək 2014-cu ili federasiya ucun çox uğurlu il adlandırıb: "Dünya atçılığının ali tədbiri hesab olunan Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) Baş Assambleyası Bakıda keçirilib. Bu tədbir çox uğurlu olub. İndiyədək də qonaqlardan təşəkkür teleqramları alırıq. Bakıda 350-dən artıq qonağın hər birinə xüsusi diqqət göstərilib. Biz prezident İlham Əliyevin dəstəyi ilə bundan da yüksək səviyyəli tədbirlər keçirməyə qadirik".
E.Quliyev ötən il ərzində idmançılarımızın beynəlxalq tədbirlərdə uğurla çıxış edərək Azərbaycan bayrağını dalğalandırdığını da vurğulayıb. Onun sözlərinə görə, əvvəllər yalnız Camal Rəhimov uğurlu nəticələr göstərirdisə, indi Andre Şröder və Patrik Makenti kimi atçılarımız da var: "Biz konkur üzrə yiğma komandamızın da uğur qazanacağına inanırıq və bunun üçün əlimizdən gələni edəcəyik".
Azərbaycan atçılığının intibah dövrü yaşadığını deyən federasiya prezidenti respublikada yeni idman gurğularının tikildiyini, Qarabağ ve Dilbaz atlarının da qanının təmizlənməsi prosesinə başlanıldığını söyləyib. O, yeni milli at cinsinin yaradılma məqamının yetişdiyini də vurğulayıb. E.Quliyev həmçinin federasiyanın səyləri nəticəsində ilk dəfə olaraq 24 komandanın iştirakı ilə milli idman növü olan çövkən üzrə çempionatın keçilidiyini deyib.
Sonda Federasiya rəhbəri qeyd edib ki, atçılıq üzrə əsas tədbirlər 2016-cı ilə nəzərdə tutulub.
Təntənəli mərasim 2014-cü ildə atçılıq sahəsində baş vermiş mühüm hadisələrlə bağlı sənədli filmin nümayişi, tortun kəsilməsi və xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.