
Yeniyetmə cüdoçular arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisi ilə görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qubada təşkil olunan təlim-məşq toplanışı əsnasında baş tutan görüşdə Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə iştirak ediblər.
Federasiya rəsmisi idmançılara inam ifadə edərək, qarşıdakı mötəbər turnirdə onlardan uğurlu çıxış gözlədiklərini bildirib. Həmçinin cüdoçulara yarış öncəsi tövsiyələr verilib, uğurlar arzulanıb.
Qeyd edək ki, dünya çempionatı 27 – 31 avqustda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Mundialda Azərbaycanı ümumilikdə 10 çəki dərəcəsində 15 cüdoçu (8 oğlan, 7 qız) fərdi mübarizədə təmsil edəcək. Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.