Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni əməkdaşlıq sazişi imzalanıb. Sportnet.az-ın məlumatına görə, sazişi ölkədə səfərdə olan İran Cüdo Federasiyasının prezidenti Məhəmməd Deraxşanmübarək və İraq Cüdo Federasiyasının prezidenti Samir Əl-Musəvi ilə ACF vitse-prezidenti Sadıq Sadıqov imzalayıblar.
Sənədə əsasən, hər 3 qurum dostluq münasibətlərini və qarşılıqlı əməkdaşlığı inkişaf etdirərək, bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarını, turnirlər, yoldaşlıq görüşlərinin təşkili və keçirilməsini reallaşdıracaq. Tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılacaq. Məşqçilər və hakimlər üçün birgə seminarlar təşkil ediləcək. Müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulur. Həmçinin, müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi də gələcək planlar daxilindədir.
Görüşdə Sadıqov qonaqlara xatirə hədiyyələri təqdim edib.