ABŞ-ın peşəkar boksçusu Floyd Meyvezer özünə lüks həyat şəraiti qurub.
Sportnet.az-ın məlumatına görə, orta ağır çəkidə çıxış edən 43 yaşlı idmançının 2018-ci ildən əsas iqamətgahı Las-Veqasda tikdirdiyi malikanədir. Evin ümumi sahəsi 2 000 kvadratmetrdir. 11 yataq otağına malik mülkün tikintisi dünya çempionuna 10 milyon dollara başa gəlib. Lakin bu, Meyvezerin sərəncamındakı yeganə daşınmaz əmlak deyil.
O, 2017-ci ildə 25,5 milyon dollara Beverli-Hillzdə malikanə alıb. Daha 1,5 milyon dollar evin interyerini yeniləməyə xərclənib. Burada hovuz və trenajor zalından xüsusi konditer otağı, 300-dək elit şərab növlərinin saxlanılması üçün zirzəmi və 30 yerlik kinoteatradək lazımi hər şey var.
Meyvezerin sərəncamında Las-Veqasda daha bir daşınmaz obyekt var. Bu malikanənin ümumi sahəsi 1 200 kvadratmetrdir və boksçunun 2010 - 2018-ci illərdə əsas iqamətgahı olub. Onun qiyməti 9,5 milyon dollardır.
2017-ci ildə Meyvezer Las-Veqasda həm də şəxsi striptiz-klub açıb. Burada onun boks klubu, Nyu-Yorkda isə mənzili var.
Məşhur idmançının dəbdəbəli həyatından danışdıqda, inanılmaz avtomobil kolleksiyasını da vurğulamaq lazımdır. Meyvezer bir dəfə jurnalistə etiraf edib ki, qarajında ümumi dəyəri 15 milyon dollar olan bir neçə maşın var ki, özü onların sükanı arxasında bir dəqiqə də oturmayıb. O, son 20 il ərzində ümumilikdə 100-dən çox maşın alıb. Ən bahalı maşınlar kimi "Bugatti Chiron" (3,5 milyon dollar), "Bugatti Veyrons" (3 milyon dollar), "Bugatti Grand Sport Vitesse" (2 milyon dollar), "Pagani Huayra" (1,4 milyon dollar) və eksklüziv "LaFerrari Aperta"nı (1 milyon dollar) vurğulamaq olar.
Lakin bunlar yalnız aysberqin üst qatıdır. Axı Meyvezerin qarajında "Ferrari", "Lamborghini", "Bentley", "Rolls Royce" (sayları 16-dır), "Mercedes" и digər bahalı maşınlar da var.
Maraqlıdır ki, o, bir vaxtlar malikanələrindən birində ağ, digərində qara rəngli maşınlar saxlayıb.
Meyvezerin kolleksiyasında xüsusi təyyarələr də var. 2018-ci ildə o, 41 yaşına 60 milyon dollara "Gulfstream G650" alıb və "Air Mayweather" adını verib. Təyyarə çoxsaylı tanıdıcı işarəyə malikdir, qanadlarının ucunda isə "50-0" yazılıb ki, bu da Meyvezerin boksda qələbə rekordunu göstərir.
Boksçunun 30 milyon dollarlıq "Gulfstream III" adlı daha bir şəxsi təyyarəsi var. Meyvezer çoxsaylı dostları və rəfiqələri ilə istirahətə getdikdə iki təyyarədən yararlanır. Onun özü "Gulfstream G650"dən, dostları və ətrafı isə "Gulfstream III"dən yararlanır.
Bundan başqa Meyvezerin 40-dan çox saat kolleksiyası var ki, onlardan da 260 karat brilliant tərkibli 18 milyon dollarlıq "Jacob & Co" daha diqqətçəkəndir.
Qeyd edək ki, Floyd Meyvezer sonuncu döyüşünü 2017-ci ilin avqustunda keçirib. O, karyerası ərzində qazancı 1 milyard dolları keçən 6 idmançıdan biridir. Hazırda onun gəliri 1,1 milyard dollardır.