Bakıda cüdo üzrə Böyük Dəbilqənin açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (İJF) Marius Vizer və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə əvvəlcə Cüdo Federasiyasının baş katibinin müavini, jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb. Bu məqsədlə böyük ekranda onunla bağlı slayd nümayişə etdirilib. Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdoda qazanılmış nailiyyətləri əks etdirən videoçarx göstərilib.
Tədbiri giriş sözü ilə açan Hüseynzadə artıq yeddinci dəfə Bakıda bu nüfuzlu yarışın keçirildiyini bildirib: "Budəfəki yarış fərqli şəraitdə keçirilir. Belə ki, turnir Zəfər Günü ərəfəsində təşkil edildiyi üçün bunun idmançıların çıxışına təsiri olacaq. Eyni zamanda bir sıra məhdudiyyətlərin hökm sürdüyü pandemiya şəraitinin də nəticələrə təsiri olacaq. Tokio olimpiadası sübut etdi ki tamaşaçısız da maraqlı yarış təşkil etmək olar. Olimpiadanın ən maraqlı yarışlarından biri də cüdo idi".
Daha sonra çıxış edən R.Nəbiyev əldə edilən qələbələrdən və idmana diqqətdən danışıb. O, həmçinin təkcə tatamidə deyil, döyüş meydanında da qələbə qazanaraq, 30 il işğalda olan əraziləri azad etdiklərini söyləyib. ACF prezidenti bütün idmançılara ədalətli mübarizə və uğurlar arzulayıb.
M.Vizer əvvəlcə bütün yarış iştirakçılarını salamlayıb. Funksioner COVID-19 problemi üzündən azarkeşlərin iştirak etmədiklərinə təəssüflənsə də, cüdonun təbliğatı baxımından bu yarışı önəmli sayıb. O, daha sonra yarışı açıq elan edib.
Bundan sonra isə Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Böyük Dəbilqədə ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) çıxış edir. Yarışın mükafat fondu 154 000 avrodur.