“Bəli, çox məyusedicidir”.
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərənin "Çelsi" komandasının futbolçusu Ris Ceyms Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçından sonra deyib.
Kapitan buraxdıqları qollardan narazılığını bildirib: “Bura, təbii ki, qələbə üçün gəlmişdik. Oyuna güclü başladıq, erkən qolla önə keçdik, amma üstünlüyü əldən verməyimiz bizi məyus edir. Buraxdığımız qollar bizim baxış bucağımızdan yaxşı deyil. Penalti verdik və bir qolu demək olar ki, özümüz hədiyyə etdik".
“Bu, məyusedicidir. Bəzi situasiyalara kifayət qədər yaxşı uyğunlaşa bilmədik və buraxdığımız qollar öz səhlənkarlığımızdan qaynaqlandı. Bu, komandamız olaraq irəliyə dönük inkişaf etdirməli olduğumuz bir məsələdir. Onların vurduğu qolla dinamika dəyişdi və sadəcə olaraq kifayət qədər yaxşı oynamadıq. Sonlara doğru qələbə qazanmaq üçün şanslarımız oldu, amma dəyərləndirə bilmədik və üç xalı götürə bilməməyimizdə günah yalnız özümüzdədir", - deyə o əlavə edib.













































































