
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun Sportnet.az-a müsahibəsi
- "Qəbələ”ni ardıcıl 3 məğlubiyyətlərdən Premyer Liqada növbəti çətin sınaq gözləyir. "İnter”lə sabahkı oyuna komanda necə hazırlaşa bilib?
- Biz sakitik və bu haqda komanda ilə söhbətimiz olub. Öz gücümüzə inamı itirməməliyik. Futbolçulara hətta onu dedim ki, AZAL-la son oyunumuz yaxşı səviyyəli matç idi. Futbolda belə olur ki, sən yaxşı oynayırsan, ancaq uduzursan. Bu, futbolçularda inamı qətiyyən azaltmalıdır. Bunu onların diqqətini çatdırırıq.
- Güclü rəqiblə matçda qələbə şansını necə dəyərləndirirsiniz?
- Biz 3 xal qazanmaq üçün mümkün olan hər şeyi edcəcəyik. Futbolçularımıza tam dəstək göstərirəm. Mən onlara inanıram. Sabahkı oyuna tam döyüşkən vəziyyətdə hazırlaşmışıq və qələbəyə köklənmişik.
- Avrokuboklar, mükafatlar uğrunda əsas rəqiblərimizdən olan "İnter”ın hazırkı səviyyəsi haqda düşüncələriniz necədir?
- Onu deyə bilərəm ki, çox yaxşı komandadır. "İnter” futbol oynamağı bacaran, təşkilatlanmış komandadır. Belə rəqiblə matç həmişə ağırdır. Mən bilirəm ki, sabah bizi çətin oyun gözləyir. Ancaq bu, 3 xal qazanmaq məqsədimizi dəyişmir.
- Turnir cədvəlində vəziyyəti, "İnter”dən 3 xal geri qaldığınızı nəzərə alsaq, sabahkı matçı 6 xallıq matç hesab etmək olar.
- Bu, ilk növbədə ona görədir ki, "İnter” birbaşa rəqibimizdir. İkincisi də ümumiyyətlə, xal itirməyə haqqımız yoxdur. Qalan oyunlarda qalib gəlib xal ehtiyatımızı artırmalıyıq. Bu planda başqa şey ola bilməz. Hansı prizmadan baxsan, qarşıdakı oyun çox vacibdir.
- AZAL-la son oyunda rəqib qələbə topunu vurarkən qapıçı Dmitri Bezotosnı uğursuz çıxış etdi. Bunu nəzərə alsaq, "çərçivə”də dəyişik edəcəyinizi gözləmək olar?
- Mən praktiki olaraq heç vaxt belə etməmişəm, indi də etmirəm ki, futbolçunu hansısa uğursuz oyundan, səhvdən sonra siyahıdan silim. Əksinə, səhvdən sonra özünü necə göstərəcəyi mənə maraqlıdır. Səhvini unutmalı, düzəltməli və bir daha buraxmamalıdır. Ümumiyyətlə, futbolçunun xarakterindən danışıram və bu, gələcəkdə yüksək nəticələr qazanmaq baxımından çox vacib amildir.
- Yeri gəlmişkən, Bezotosnının həmkarı ona, sizə, ümumiyyətlə, "Qəbələ"yə yaxşı tanış olan Kamran Ağayevdir. Kamran komandadan gedəndən sonra ilk dəfə Qəbələyə rəqib kimi gəlir və qələbə qazanmaq üçün onun qapısına yol tapmalı olacaqsınız…
- Əlbəttə, Kamrana böüyk hörmətlə yanaşıram. Onu birgə işlədiyimiz dövrdən yaxşı tanıyıram. Mən Ağayevi yaxşı qapıçı, yaxşı futbolçu sayıram. Bir daha onu hörmətimi qeyd edirəm.