1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" üçün acı reallıq
"Neftçi” 1992-ci ildən keçirilən Azərbaycan milli çempionatında ən uğursuz mövsümlərindən birini yaşayır. Sportnet.az-ın məlumatına görə, çempionluq şansını tamamilə itirən, hazırda 7-ci pillədə olan "ağ-qaralar”ın mükafatçılar sırasına düşəcəyi də real görünmür.
Bu isə o deməkdir ki, Azərbaycanın ən adlı-sanlı komandası ardıcıl 4-cü mövsüm medallardan kənarda qalacaq. Halbuki, komanda 2010 - 2013-cü illərdə ardıcıl 3 mövsüm ölkə çempionu olmuşdu.
"Ağ-qaralar” 4-cü dövrəyə də uğursuz başlayıblar. Bu azmış kimi, komanda son pillənin sahibi, qış fasiləsindən sonra çempionatda qələbəyə həsrət qalan "Rəvan"a yenilib - 0:1. Bununla da "Neftçi” acı reallıqla barışmalı olub. Hazırda Vəli Qasımovun baş məşqçisi olduğu komanda autsayderlə görüşlərdə mənfi saldoya malikdir. Çünki keçirilən 4 oyunun 2-də "Rəvan” qalib gəlib, 1-də heç-heçə edib və yalnız 1-də uduzub. Yəni, son pillənin sahibi mükafatlara iddialı bir komanda üçün cari çempionatda arzuolunmaz rəqib, əsl başağrısı olub.
"Rəvan” "Neftçi”də cari mövsümdə ilk baş məşqçi gedişini reallaşdıran komanda da olub. Samir Əliyev autsayderə 12-ci turda "Bakcell Arena”da 2:3 hesablı məğlubiyyətdən sonra postundan gedib. Onu əvəzləyən Əsgər Abdullayev də həmin stadionda "Rəvan”a az qala uduzurdu. Yalnız sona 7 dəqiqə qalmış məğlubiyyətdən xilas ola bilib. Ancaq Vəli Qasımovun rəhbərliyi altında flaqman 3-cü dəqiqədə buraxdığı qolun əvəzini çıxa bilməyib. "Neftçi” bu çempionatda "Rəvan” üzərində yeganə qələbəsini isə 4-cü turda Samir Əliyevlə "Bayıl Arena”da 3:1 hesabı ilə qazanıb.
Dördüncü dövrənin ilk turunda nəzər salanda, "Xəzər Lənkəran”ın "Qarabağ"a bütün 4 oyunda məğlub olaraq "abunəçi”si olduğu, "Sumqayıt"ın "Zirə”yə qalib gələ bilməməyi görünür. Rəqibi ilə ilk oyunda evdə qolsuz heç-heçə edən sumqayıtlılar ardından 3 matçda məğlub olublar. AZAL "Kəpəz”ə böyük hesabla qalib gəlsə (3:0) də, rəqibi ondan 7 xal ala bilib. Bunlar isə Gəncədə qələbələr, "AZAL Arena"da 1 heç-heçə sayəsində mümkün olub. "İnter”lə "Qəbələ” isə hərəyə 1 dəfə qalib gəliblər və hərəyə 1 dəfə heç-heçə ediblər. Topların fərqi də bərabərdir – 3:3. Sadəcə, "Qəbələ” "İnter”ə onun meydanında qalib gəldiyindən, üstündür.
İndi "Neftçi”ni digər autsayder – "Rəvan”ın xal fərqini 3-də azaltdığı "Xəzər Lənkəran”la səfər sınağı gözləyir. "Böyük oyun”un iştirakçıkarı cari mövsümdə kubokda da görüşdüklərindən, 6-cı dəfə üz-üzə gələcəklər. Üstünlük "Neftçi”də olsa da, Elbrus Məmmədovun komandası prinsipial rəqibə qarşı yaxşı təsir bağışlaması ilə diqqət çəkir. Vəli Qasımov "Neftçi”də debütünü məhz "Xəzər Lənkəran"la oyunda qeyd edib və cavab matçında 2:0 hesabı ilə qalib gəlməklə kubokda yarımfinala yüksəlib. İndi onun komandası Avropa Liqasına vəsiqə ilə bağlı bütün ümidlərini məhz bu turnirə bağlayıb. "Neftçi" ikinci dövrədə "Rəvan"a uduzandan sonra Lənkərana səfət etmişdi. Onda "Fortınalar meydanı"nda ilk qələbə qeydə alınmışdı.
Bəs bu dəfə hansı nəticə olacaq? Aprelin 10-nu gözləyək...