Ukrayna mətbuatı Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının final mərhələsi ilə bağlı geniş material hazırlayıb. Sportnet.az-ın məlumatına görə, yazıda əslən Azərbaycandan olan Renat Dadaşova da toxunulub.
Milli komandamızın sabiq hücumçusu Rüfət Dadaşovun kiçik qardaşı olan Renat Almaniya yığmasının heyətində mayda Bakıya gələcək: "Renatın valideynləri Azərbaycandandırlar, ancaq o, dünyaya Almaniyanın Ryudesxaym şəhərində gəlib. Renat anadan olanadək ailəsi ora köçüb. Dadaşov bir neçə il Azərbaycan yığmasında (U-16) oynayıb. Ora daha çox qohumluq əlaqələri sayəsində düşüb. Renat Azərbaycan milli komandasına Berti Foqts başçılıq etdiyi dövrdə çağırılan Rüfətin kiçik qardaşıdır. Böyük qardaşı çağırmamağa başladılar, kiçik özü imtina etdi. Tezliklə onu Almaniyanın yeniyetmələr yığmasına dəvət etdilər. İndi futbolçu tarixi vətəninə baş çəkə bilər. Azərbaycanda isə onun az qohumu qalmayıb. Onlar artıq başqa statusdadırlar”.
Leyptsiqin "Red Bull" klubunun futbolçusu olan Renatın Almaniya mətbuatına açıqlaması da yazıda yer alıb: "Babam və nənəm artıq Almaniya yığmasının şərfini alıblar. Onlar necə oynadığımı görmək istəyirlər. Azərbaycandakı Avropa çempionatında oynamaq mənim böyük arzumdur. İdman qanımdadır. Anam həndbolla məşğul olur, atam isə su polosu ilə. Hər istirahət günləri valideynlərim necə oynadığımı görmək üçün 400 kilometr yol qət edirlər”.