2026-cı il dünya çempionatına hazırlaşan Portuqaliya və Çili milliləri arasındakı yoldaşlıq oyunu insidentlə yadda qalıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş dəqiqələrdə futbolçular arasında kütləvi qarşıdurma baş verib.
Hadisənin mərkəzində Çili millisinin müdafiəçisi İvan Roman və Portuqaliya yığmasının hücumçusu Rafael Leau olub. Epizod zamanı Leau rəqibini üz nahiyəsindən itələyib, Roman isə yerə yıxılıb. Bundan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaranıb.
Baş hakim qısa müzakirədən sonra həm Romanı, həm də Leaunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Qərar hər iki komandanın üzvlərinin etirazına səbəb olub.
Beləliklə, komandalar oyunun ikinci hissəsinə 10 nəfərlə davam ediblər.
Qeyd edək ki, bu görüş Portuqaliya millisinin dünya çempionatı öncəsi keçirdiyi sonuncudan əvvəlki yoxlama matçı olub. Portuqaliya mundialın qrup mərhələsində Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Çili millisi isə dünya çempionatına vəsiqə qazana bilməyib.















































































