"Deyiləcək çox söz yoxdur. AZAL-ı təbrik edirəm. Futbolçularımdan çox razıyam. "Sumqayıt" da yaxşı çıxış etdi. AZAL da nəticəyə oynadı. Doğrudan da yaxşı oyun oldu". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXX turunda AZAL-a səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O bildirib ki, komandası oyunlara azarkeşləri sevindirmək üçün çıxır: "İtirəcək və qazanacaq bir şeyimiz qalmayıb. Sadəcə, səhv etmirəmsə, qalan 7 oyunda meydana özümüzü doğrultmaq, qələbə üçün çıxacağıq ki, azarkeşləri sevindirək. Sağ olsun uşaqlar. Birinci hissədə daha məzmunlu oynayırdıq. İkinci hissədə tələskənlik üzündən istədiyimizi əldə edə bilmədik. Qol vəziyyətləri yaratsaq da, vura bilmədik. Bilmirəm AZAL-a necə qol vuraq. Açığı, mən və futbolçular bunun yolunu tapa bilmirik. Gələcəkdə bir şey fikirləşərik".
Qeyd edək ki, Samir Abasov bu açıqlamasında 2 səhvə yol verib. Əvvəla, mövsümün sonuna 7 yox, 6 tur qalıb. Digər tərəfdən, "Sumqayıt" 3-cü dövrədə AZAL-ı evdə 2:0 hesabı ilə məğlub edib. İlk dövrədə Sumqayıtda keçirilmiş qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə nəticələnib. Amma səfər qarşılaşmalarında "təyyarəçilər"ə qol vurmaq mümkün olmayıb - 0:2, 0:1. Görünür, Abasov məhz bu məqamı nəzərdə tutub.