"Sumqayıt"ın Azərbaycan Premyer Liqasında "Qəbələ” ilə səfər matçlarında uğursuz seriyası davam edir. Sportnet.az-ın məlumatına görə, "gənclik şəhəri”nin təmsilçisi 2011-ci ildən bu yana üzləşdiyi rəqibinə onun meydanındakı matçların hamısında məğlub olub.
Hərçənd, bu tilsim təxirə salınan son oyunda qırılmağa çox yaxın idi. Hər halda, dünənki matçın 85-ci dəqiqəsinədək hesab açılmamışdı və sumqayıtlılar ilk dəfə Qəbələdən xalla qayıtmağa yaxın idilər. Ancaq "Qəbələ”nin fransalı hücumçusu Baqali Dabo səhnəyə çıxdı və son 5 dəqiqədə vurduğu 2 qolla "Sumqayıt”a növbəti məğlubiyyəti yaşatdı.
Bu, "Qəbələ”yə səfərdə artıq 9-cu məğlubiyyət olub. Onlardan ən çox – 3 dəfə elə 0:2 və 1:3 hesabları ilə qeydə alınıb "Sumqayıt” Qəbələdə 2 dəfə 0:1, 1 dəfə 1:4 hesabı ilə uduzub. Bu, Azərbaycan Premyer Liqasının iştirakçıları arasında "Qəbələ” ilə səfər matçlarında ən zəif göstəricidir. Hətta hazırda birinci divizionda çıxış edən "Rəvan” Qəbələdə nəinki xal alıb, qalib da gəlib.
Ümumiyyətlə, "Qəbələ”ni "Sumqayıt” ən arzuolunmaz rəqib saymaq olar. Çünki komanda bu rəqiblə keçirdiyi 17 oyunda cəmi 1 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 14 məğlubiyyət alıb. Sumqayət klubu "Qəbələ”yə vurudğu 11 qolun qarşılığında 3 dəfədən çox – 34 qol buraxıb. Yeganə qələbə rusiyalı Yuri Syominin baş məşqçiliyi vaxtında - 2013/14 mövsümünün ilk dövrəsində 1:2 hesabı ilə olub ki, onda "Qəbələ” kapitanı Vladimir Levin qırmızı vərəqə aldığına görə meydanda azlıqda qalıb.
Məlum olduğu kimi, "İnter”in bolqarıstanlı sabiq prezidenti bir vaxtlar "Nefçi”ni həmişə məğlub etdiklərinə görə rəqibi "abunəçi” adlandıraraq futbolumuza yeni termin gətirib. İndi "Sumqayıt”ın səfərdəki uğursuzluğuna baxsaq, onu Qəbələdəki oyunlarda "abunəçi” adlandıra bilərik. Hər halda, bu komanda heç vaxt həmin məkandan xalla qayıda bilməyib.
Samir Abasovun yetirmələri bu uğursuz ənənəyə son qoymaq üçün cari mövsümün ikinci yarısını, yəni 2017-ci ili gözləməlidirlər. "Qəbələ” isə həmin ildə ilk rəsmi oyununu, yəni III dövrənin açılışını yanvarın 28-də evdə məhz "Sumqayıt”la matçla keçirəcək.
Mehman Süleymanov