"Sergey Zenyovun zədəsi hələ yığmaya gedənədək vardı. Biz onu burada müayinə etmişdik. Məlum olmuşdu ki, əzələsində problem var".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin həkimi Roman Jolobaylyuk bildirib. "Qırmızı-qaralar"ın hücumçusu Sergey Zenyov Estoniya millisinin düşərgəsinə yollansa da, zədə üzündən Belçika yığması ilə səfər matçına aparılmayıb.
"Qəbələ"nin ukraynalı həkimi 27 yaşlı futbolçunun millidən dərhal sərəncamlarına qayıtdığını söyləyib: "Hər bir futbolçu millidən dəvət alırsa, düşərgəsinə yollanmalıdır. Zenyov orada təkrar müayinə olundu və diaqnozumuz təsdiqləndi. Həmin vaxt müalicəsinə başladı və bura qayıtdıqdan sonra davam etdirdi. Bu, kəskin yox, daha çox xroniki xarakterli zədədir. Yəni qaçaraq alınan əzələ dartması yox, sadəcə, soyuqlamadır".
Zenyovda problem Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə Fransadakı matçda müşahidə olunmağa başlayıb: "Ona həmin vaxt fizioterapiya keçdik. Fransa klubu ilə ev oyunundan sonra hücumçunun vəziyyəti pisləşdi və güclü ağrılardan əziyyət çəkdiyini diqqətimizə çatdırdı. Həmin vaxt əlavə müayinədən sonra futbolçuya belə diaqnoz qoyduq. Bu problemin aradan qaldırılması 2-3 həftə çəkir. Zenyovda artıq 10 gün arxada qalıb. O, hazırda fərdi proqram əsasında çalışır. Bu, trenajor zalında məşq və hovuzda üzməkdən ibarətdir. Bu hərəkətlər ona narahatlıq, ağrılar yaratmır. Ancaq hələ ki topla və meydanda məşq edə bilməz".
Jolobaylyukun sözlərinə görə, Premyer Liqanın qarşıdakı turunda "Zirə" ilə oyundan sonra Sergey toplu çalışmalara başlaya biləcək. Ancaq noyabrın 24-də Belçika "Anderlext"i ilə "Bakcell Arena"dakı Avroliqa qarşılaşmasında meydana çıxacağı az inandırıcıdır: "Zenyovun həmin vaxtadək hazır olacağına ümidimizi itirmirik. Futbolda zədə elə bir şeydir ki, dəqiq tarix proqnozlaşdırmaq çətindir. Baqali Dabo ilə Nika Kvekveskirinin zədələri tam aradan qalxıb. Onlar əvəzedici heyətimizlə yoxlama matçında meydanda oldular. Burnu sınan braziliyalı müdafiəçi Rafael Santos Bakıda Gömrük Hospitalında uğurlu əməliyyat olundu. O, qoruyucu maska daşıyır və komanda ilə birgə hazırlaşır. Yoxlama matçında meydanda çıxmışdı, "Zirə" ilə qarşılaşmaya da hazırdır".
Mehman SÜLEYMANOV