"Komandamız Türkiyə toplanışında "Neftçi"nin qapısından 8 top keçirsə də, bu, göstərici deyil".
Sportnet.az-ın məlumatına görə, bunu Rusiyanın "OİK Xabarovsk" klubunun baş direktoru Aleksey Kandalintsev Premyer Liqada sonuncu yeri tutmalarının səbəbləri barədə danışarkən deyib. O bildirib ki, qış fasiləsində Rinat Bilyaletdinovun komandaya baş məşqçi təyin olunmasında iştirak etməyib: "Mən Rinat Sayaroviçi tanımırdım, onun barəsində yalnız oxumuşdum. Bilyaletdinova bütün seleksiya işi həvalə olunmuşdu. Heç kim yeni oyunçu almaqda ona mane olmurdu. Açığı, sonadək bütün bu seleksiyanı başa düşmədim, baş məşqçi ilə bu və ya digər namizəd üstündə mübahisəmiz oldu. Hər dəfə iddia edirdi ki, bu uşaqlar bizə kömək edəcəklər. Lakin sonrakı hadisələr nəticənin olmadığını göstərdi. Qış toplanışından sonrakı ilk matçdaca "Şinnik" bizə hər şeyi göstərdi".
Qeyd edək ki, Rinat Bilyaletdinov 20 dekabr 2017-ci ildə "OİK Xabarovsk"a baş məşqçi təyin olunub. Qış toplanışında "Neftçi"yə 8:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Rusiya Premyer Liqasının fasiləsindən sonrakı 4 oyun məğlubiyyətlərlə əlamətdar olub. Nəticədə Bilyaletdinov istefaya göndərilib. Komanda isə çempionatı sonuncu pillədə başa vuraraq, I Diviziona enib.