"Bugünkü durumda bizimlə "Sumqayıt"ın turnir cədvəlində eyni - 23 xalı var. Aramızdakı oyunlarda nəticələr bərabərdir, eyni sayda qollar vurulub və buraxılıb. Onlar hazırda 4-cü yerdədilər. Çünki biz Premyer Liqa oyunlarında daha çox top buraxmışıq. Amma biz daha çox qol vurmuşuq".
Bunu Sportnet.az-a açıqlamasında "Zirə" komandasının baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının vaxtından əvvəl yekunlaşdırılacağı təqdirdə, avrokuboklara hansı komandanın vəsiqə qazanacağı ilə bağlı danışarkən deyib.
39 yaşlı mütəxəssis bildirib ki, hazırda mövsümün yekunlaşması "Zirə" üçün sərfəli deyil. Həşimov bu durumda komandanın haqqının yeyiləcəyini söyləyib: "İndiki durumda çempionat dayandırılsa və avrokuboklara vəsiqə sahibləri müəyyənləşsə, "Zirə"yə haqsızlıq olacaq. Çünki buraxılan bir neçə topa görə turnir cədvəlindəki sıralamanı müəyyənləşdirmək məntiqəuyğun deyil".
Baş məşqçi “Zirə” 4-cü yerdə olsaydı, avrokuboklarda çıxış üçün çempionatın başa çatdırılmasını istəyərdinizmi” sualına belə cavab verib: “İstənilən halda biz verilən qərarı gözləyəcəyik. Sadəcə, söhbət “Zirə”nin çəkdiyi əziyyətdən gedir. Mövsüm normal qaydada yekunlaşsaydı, heç kim heç nə deyə bilməzdi. İdman prinsipləri də yerinə yetirilərdi, çempionat sonadək oynanılardı. Mən 4-cü, 3-cü və ya 2-ci, bir sözlə, avrokuboka vəsiqə verən yerdə olsaydım, necə olacağını bilmirəm. Amma nəzərə alaq ki, “Zirə” həm də ölkə kubokunun yarımfinalındadır. İstənilən halda Avropa Liqasına getmək şansını saxlayırıq. Bəlkə də 4-cü yerdə olsaydım, daha rahat danışardım. Amma nə dərəcədə səmimi olardım, deyə bilmərəm”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov çempionatın dayandırılmasının lehinə olduqlarını açıqlayıb.